AZ

XİN: Müharibə başa çatarsa Kiyev ərazilərin bir hissəsinin Rusiyaya verilməsi ssenarilərini nəzərdən keçirmir

Kiyev, 13 avqust, AZƏRTAC

“Kiyev müharibənin başa çatması müqabilində ərazilərin bir hissəsini Rusiyaya verilməsini nəzərdə tutan ssenariləri nəzərdən keçirmir”.

AZƏRTAC “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransında bildirib.

Ağ Evin mümkün güzəştlərlə bağlı bəyanatı ilə bağlı jurnalistlərin sualını cavablandıran Ukraynanın baş diplomatı Prezident Volodimir Zelenskinin mövqeyini xatırladıb.

“Prezident Zelenski artıq açıq şəkildə cavab təqdim edib və bu, Ukrayna Konstitusiyasıdır. Ukrayna Konstitusiyası sizin bu sualınıza bütün cavabları ehtiva edir. Ukrayna BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli, hərtərəfli, davamlı sülhə can atır”, - deyə nazir vurğulayıb.

O vurğulayıb ki, indiki mərhələdə prioritet gələcək danışıqlar üçün əsas olacaq atəşkəs rejiminin tətbiq edilməsidir. Nazir xatırladıb ki, beş ay əvvəl Ukrayna ABŞ Prezidenti Donald Trampın qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib və hazırda Rusiyadan analoji razılıq gözləyir.

“Əlbəttə ki, burada bizə lazım olan ABŞ-ın iştirakı və rəhbərliyidir və biz bu səylərə görə minnətdarıq”, - deyə XİN rəhbəri sözünü yekunlaşdırıb.

Bundan əvvəl Prezident Donald Tramp bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün “ərazilərin mübadiləsi” baş verə bilər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
7
3
azertag.az

4Mənbələr