BAKI, 13 avqust. TELEQRAF
Hindistanın Himaçal Pradeş ştatında iki aydır davam edən daşqın və torpaq sürüşmələri nəticəsində azı 240 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə ştatın təbii fəlakətlərlə mübarizə idarəsi məlumat yayıb.
"Musson səbəbindən ölənlərin ümumi sayı 240 nəfərə çatıb, bunlardan 125 nəfər torpaq sürüşmələri, qəfil daşqınlar və leysan yağışları nəticəsində, 115 nəfər isə yol-nəqliyyat hadisələrində həlak olub", - idarədən bildirilib
Bölgədə elektrik enerjisi və su təchizatında fasilələr yaranıb.
Ştat boyunca torpaq sürüşmələrini izləyən bir çox stansiya hazırda işləmir, bu da davam edən musson yağışları mövsümündə xəbərdarlıq və təbii fəlakətlərə hazırlıqla bağlı narahatlıq doğurur.
Qeyd edək ki, Himaçal Pradeş ştatında yağış mövsümü iyun ayının sonundan sentyabr ayına qədər davam edir. Bu müddət ərzində illik yağıntı normasının böyük hissəsi düşür.