Donald Trampın 2024-cü ildə ikinci dəfə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti seçilməsindən sonra Vaşinqtonun Cənubi Qafqaz siyasətində hiss olunan dəyişiklikləri Azərbaycan-ABŞ münasibətlərinə yeni impuls verdi. Trampın xarici siyasətində fərdi diplomatiya və simvolik jestlər mühüm yer tutur.
Əgər əvvəlki administrasiyalar daha çox institusional yanaşma sərgiləyirdilərsə, Tramp dövründə liderlərarası şəxsi münasibətlər və qarşılıqlı siyasi etimad ön plana keçdi. Bu kontekstdə Azərbaycanla ABŞ arasında artan strateji dialoq təkcə enerji və təhlükəsizlik sahələrində deyil, həm də regionun gələcək siyasi memarlığının formalaşmasında mühüm rol oynamağa başladı.
Avqustun 8-də Ağ Evdə reallaşan üçtərəfli görüşü bu prosesin kulminasiyası kimi qiymətləndirmək olar. Bütün bunların təməlində, təbii ki, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi durur və bu görüş Azərbaycanın dövlət başçısının növbəti siyasi uğurudur.
Vaşinqton görüşü təkcə Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etmir, o, bütövlükdə Cənubi Qafqaz və ABŞ üçün də xüsusi əhəmiyyətə malikdir. Görüş zamanı "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu"nun imzalanması ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradır. Belə ki, artıq əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Bu memorandumla yeni Strateji İşçi Qrupu yaradılır və əsas istiqamətlər enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılardır. Eyni zamanda süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə əsas istiqamət olaraq nəzərdə tutulur. Digər istiqamət isə müdafiə sahəsində satış, terrorizmə qarşı birgə mübarizə də daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın inkişafı, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. Qeyd edilən sahələrdə dünyanın ən inkişaf etmiş ölkəsinin təcrübəsinin öyrənilməsi, təbii ki, ölkəmizin bütün sahələrdə daha sürətli inkişaf etməsinə təkan verəcəkdir. Bu uğurun digər aspekti Azərbaycanın dayanıqlı iqtisadiyyatında baş verəcək iqtisadi fəallıqdır. Çünki ABŞ-Azərbaycan strateji tərəfdaşlığı nəticəsində ABŞ texnologiyası ilə yanaşı, sərmayəsinin də ölkəmizə gəlməsi Azərbaycannın iqtisadiyyatına müsbət impluslar verəcək.
Səfər çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqton görüşünün nəticəsi olaraq imzalanan Birgə Bəyannamə Azərbaycan Prezidentinin siyasi iradəsinin və regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial mövqeyinin bariz ifadəsidir. Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsi üçün ATƏT-in baş katibinə birgə müraciət ediləcəyi təsdiqlənir. Həmçinin Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair sazişin mətni paraflanandan sonra adıçəkilən sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılmasının zəruriliyi tanınır. Bu isə o deməkdir ki, sülh müqaviləsinin imzalanması üçün lazım olan ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişiklik etmək şərti təsdiqlənir.
Bəyannamədəki digər mühüm məsələ Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru yolla maneəsiz keçidin təmin edilməsinin təsdiqlənməsidir. Bu isə Zəngəzur dəhlizinin ("Tramp yolu") reallaşması deməkdir. Bəyənnamədə qeyd edilən bütün məsələlər, əslində, 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin sülh sazişi üçün Ermənistan hökuməti qarşısına qoyduğu əsas tələblər idi.
Prezident İlham Əliyevin ABŞ səfəri çərçivəsində baş tutan növbəti mühüm məsələ isə "Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Saziş"in mətninin paraflanmasıdır. Bu sənəd tərəflərin saziş layihəsinin bütün bəndləri üzrə konsensusa gəlmələrinin və onun məzmunu ilə razılaşmalarının təsdiqidir. Bu isə tərəflərin tam hüquqlu və hüquqi öhdəliyi olan sülh sazişinin bağlanmasına doğru irəliləməyə hazır olduğunu göstərir. Qeyd edək ki, paraflanma beynəlxalq sənədin tərəflər arasında ilkin razılaşdırıldığını təsdiqləmək məqsədilə sənədin hər səhifəsinin və ya əsas hissələrinin imza səlahiyyətinə malik nümayəndələr tərəfindən paraf (qısa imza) qoyularaq təsdiq edilməsi prosedurudur. Bu baxımdan "Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Saziş"in mətninin paraflanması onu deməyə əsas verir ki, sülh sazişinin mətninin artıq Azərbaycan və Ermənistan tərəfindən razılaşdırma mərhələsi sona çatır.
Səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənədin imzalanması da ölkəmiz üçün növbəti uğurdur. Belə ki, ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul olunmuş bu sənəd Azərbaycanın maraqlarına zidd və ədalətsiz qanunvericilik aktı idi və o, ABŞ hökumətinin ölkəmizə birbaşa yardımını qadağan edirdi. 33 ildən sonra bu ədalətsizliyin aradan qaldırılması Azərbaycanla ABŞ arasında münasibətlərin əməkdaşlıqdan strateji tərəfdaşlığa çevrilməsinin göstəricilərindən biri kimi hesab etmək olar.
Diplomatik görüşlərdə liderlərin yerləşmə mövqeləri və simvolik jestlər onların qarşılıqlı münasibətlərini və siyasi əhəmiyyətini əks etdirir. Ağ Evdə baş tutan görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın sağında əyləşməsi protokol qaydalarına əsasən xüsusi etimad və tərəfdaşlığın göstəricisidir ki, bu da Azərbaycanın ABŞ üçün mühüm strateji tərəfdaş olduğunu vurğulayır. Bundan əlavə, Ağ Evin simvolik açarının İlham Əliyevə təqdim olunması nadir hallarda baş verən və "yüksək etimad və dostluq" simvolu olan xüsusi bir jestdir. Bu, Vaşinqtonun Bakı ilə münasibətlərə strateji önəm verdiyini açıq şəkildə göstərir və iki ölkə arasında möhkəm və dərin əlaqələrin mövcudluğunu nümayiş etdirir.
Vaşinqton görüşü təkcə bir diplomatik tədbir deyil, həm də regionun geosiyasi arxitekturasında yeni mərhələnin başlanğıcıdır. ABŞ-nin fəal iştirakı, simvolik jestlər və protokol mesajları göstərir ki, Azərbaycan bundan sonra da Cənubi Qafqazda yalnız regional deyil, həmçinin qlobal güc mərkəzlərinin diqqətində mərkəzi mövqeyə sahib olacaq.
Mirtəhmasib RƏHİMOV,
Lerik rayonu