“Apple” illərdir üzərində işlədiyi tamamilə şüşədən hazırlanmış “iPhone” layihəsi üçün yeni patent əldə edib. Bildirilir ki, şirkət 2018-ci ildən bəri bu ideyanın arxasındadır.
Valyuta.az xəbər verir ki, əvvəlki patent müraciətində “iPhone”un bütün səthlərinin toxunmağa həssas olacağı, hətta yan və arxa hissələrdən belə ekrana giriş imkanı veriləcəyi bildirilmişdi. İndi isə eyni adla yeni bir müraciət daha qeydə alınıb.
Yeni patentdə göstərilən dizayna görə:
“iPhone” yalnız ön və arxa şüşədən ibarət olmayacaq, kənar hissələr də şüşədən hazırlanacaq.
Fiziki düymələrə ehtiyac qalmadan cihazın yan səthlərinə toxunaraq idarəetmə mümkün olacaq.
Telefonu sıxmaqla zəngi bitirmək kimi yeni hərəkətlər də tətbiq edilə biləcək.
Ön, arxa və yan səthlər vahid interfeys kimi işləyəcək, divar kağızları və ikonlar səthlər arasında hərəkət edə biləcək.