AZ

“Səyyar Gənclər Xidməti”nin növbəti dayanacağı Ağdam şəhəri olub  

Ölkəmizin müxtəlif şəhər, rayon və ucqar kəndlərində uğurla icra edilən “Səyyar Gənclər Xidməti” layihəsinin 2025-ci il üçün ilk dəfə Cəbrayılda təşkilindən sonra növbəti dayanacaq Ağdam şəhəri oldu.

AZƏRTAC xəbər verir ki, bu barədə Gənclər Fondundan məlumat verilib. Bildirilib ki, “Suveren dövlət, vətənpərvər gənclik” şüarı ilə keçirilən layihə 15 avqust tarixinədək Ağdam gəncləri üçün öz işini davam etdirəcək.

Dövlət başçısının elan etdiyi 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Səyyar Gənclər Xidməti”nin əsas missiyası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı Qələbənin və ölkə suverenliyinin bərpasının gənclər arasında təbliği, ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsipləri, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması, eyni zamanda dövlət gənclər siyasətinin təqdim etdiyi imkanların – məşğulluq, innovasiya, təhsil, sosial layihələr və digər istiqamətlər üzrə təşəbbüslərin region gəncləri üçün əlçatanlığının təmin edilməsidir.

Səyyar Gənclər Xidmətinin Ağdamdakı açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev layihənin gənclər üçün əhəmiyyətini yüksək qiymətləndirərək layihənin dövlətçilik dəyərlərinin təbliğində mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, bu təşəbbüs təkcə gənclərin bilik və bacarıqlarının inkişafına deyil, həm də onların sosial aktivliyinin, milli birlik və vətənpərvərlik ruhunun güclənməsinə xidmət edir.

Rəsmi hissədən sonra açıq hava şəraitində Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ağdam Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən iştirakçılar üçün maarifləndirici təlimlər keçirilib. Eyni zamanda, peşəkarların təqdimatında ixtisas seçimi, karyera planlaması, şəxsi inkişaf və motivasiya, könüllülük fəaliyyəti, süni intellekt alətlərinin yaratdığı imkanlar, sağlam və təhlükəsiz həyat mövzularında sessiyalar təşkil olunub. Bununla yanaşı, Suveren gənclər, Rəqəmsal düşüncə, Təhsil və karyera, Vətənpərvər gənclik, Yaradıcı gənclik və Əyləncə adlı müxtəlif zonalarda gənclərin yaradıcılıq və intellektual potensialını üzə çıxaran interaktiv fəaliyyətlər – vörkşoplar, master-klasslar, intellektual oyunlar, viktorinalar və sərgilər təşkil olunub. Komanda əsaslı əyləncələr, stolüstü oyunlar və digər sosial proqramlar gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də qarşılıqlı əlaqələrinin güclənməsinə töhfə verib. Sonda fəallığı ilə seçilən iştirakçılara mükafatlar təqdim olunub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Cari ilin oktyabr ayının sonunadək layihənin ölkənin 15 şəhər və rayonunu, o cümlədən ən ucqar kəndlərini əhatə edərək minlərlə gəncə çatması planlaşdırılır.

Seçilən
14
2
azerbaijan-news.az

4Mənbələr