“Qarabağ”ın hücumçusu Musa Qurbanlı “Şkendiya” oyunu sonrası İdmanxeber.az saytına müsahibə verib.
– Böyükhesablı qələbə qazandınız. Oyunu necə şərh edirsən?
Möhtəşəm qələbə qazandıq. İlk növbədə azarkeşlərimizə gözəl oyun nümayiş etdirdik. Bol qollu qələbə hər zaman daha maraqlı olur. Azarkeşlər daha çox sevinir, biz də onlarla birlikdə sevinirik. Pley-off mərhələsinə vəsiqə qazandıq və qrupa düşmək üçün gözəl şansımız var. Ən yaxşı oyunumuzu göstərərək əsas mərhələyə vəsiqə qazanmaq istəyirik.
– Pley-off-da hansı rəqibi istəyirsiniz “Ludoqorets”, yoxsa “Ferensvaroş”?
Allahın işidir, hansı düşsə, bizim üçün fərqi yoxdur. Yəni fərqi yoxdur deyəndə ki, biz öz işimizə fokuslanırıq. Hansı rəqib olursa olsun, çox ciddi şəkildə hazırlaşacağıq və çalışacağıq ki, Çempionlar Liqasına vəsiqə qazanaq.
– Belə böyük hesablı qələbə gözləyirdiniz?
Əslində erkən qol buraxanda düşündük ki, bu bizim üçün yaxşı oldu, çünki bir az silkələndik. Bizdə belə hallar çox olub — erkən qol buraxırıq, amma sonra komanda daha yaxşı oynamaga başlayır.
– Bir maraqlı məqam var: həm “Ludoqorets”, həm də “Ferensvaroş” əvvəllər “Qarabağ”ın darmadağınını görüb. Sizcə, bu dəfə sizə qarşı daha fərqli yanaşa bilərlər?
Əlbəttə. İstər-istəməz rəqib də qələbə qazanmağa çalışacaq. Çünki bizə qarşı məğlub olublar. Amma bu, bizim fikrimizi yayındırmamalıdır. Biz öz işimizə baxmalı və tam hazır olmalıyıq.
– Mövsüm başlayır. İlk turda “Sabah”la qarşılaşacaqsınız. Bu barədə fikirləriniz?
Oyun, çox güman, təxirə salınacaq. Amma hələ ki, bununla bağlı rəsmi məlumat yoxdur. “Sabah” klubunun da növbəti mərhələyə keçmək üçün gözəl şansı var. İnşallah, onlar da sevinc yaşayan tərəf olarlar.
Fərid Nəsibov