Ötən ayın ikinci yarısından etibarən Azərbaycan və Çin arasında qarşılıqlı vizasız rejim artıq qüvvədədir. Aprelin 23-də Pekində imzalanmış və iyulun 16-da qüvvəyə minmiş sazişə əsasən, hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşılıqlı olaraq 30 gündən çox olmamaqla vizasız səfər edə bilirlər.
Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev Modern.az-a açıqlamasında bildirib ki, 2024-cü ilin iyul ayından etibarən Çin vətəndaşları üçün tətbiq olunan 1 illik vizasız rejim turizm sahəsində böyük canlanmaya səbəb olub. Onun sözlərinə görə, bu qərar iki ölkə arasında qarşılıqlı turizm axınını stimullaşdırmaqla yanaşı, eyni zamanda Azərbaycanın beynəlxalq turizm bazarındakı mövqeyini daha da gücləndirib.
“Əgər 2023-cü ildə Azərbaycana 23,153 Çin vətəndaşı səfər etmişdisə, 2024-cü ilin ilk yarısında bu rəqəm 2,4 dəfə artaraq 44,798 nəfərə çatıb. Artım tendensiyası 2025-ci ildə də davam edir – yanvar ayında 2,600-dən çox Çinli turist Azərbaycana səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% artım deməkdir”.
Turizm eksperti qeyd edib ki, Çinə turist axınının artmasına səbəb olan əsas amillərdən biri də Azərbaycan Hava Yollarının Pekinə komfortlu və endirimli qiymətlərlə birbaşa uçuşlar həyata keçirməsidir.
“Hazırda Bakıdan həm Pekin, həm də Urumçi şəhərlərinə birbaşa aviareyslərin mövcudluğu səyahətləri daha əlçatan və rahat edir.
Eyni zamanda, Çin səyahət platformalarında Azərbaycana maraq nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, Çinin aparıcı axtarış platformalarında Azərbaycanla bağlı axtarışların sayı 50% artıb, turizm sifarişlərində isə 85%-lik artım qeydə alınıb. Bu dinamika onu göstərir ki, yaxın illərdə ölkəyə gələn Çinli turistlərin sayı daha da yüksələcək”.
Son olaraq R.Quliyev vurğulayıb ki, Azərbaycanın UNESCO Dünya İrsi Siyahısına daxil olan Qobustan Qayaüstü Rəsmləri, Şəki Xan Sarayı, Xınalıq kəndi və digər mədəni-tarixi məkanları Çinli turistlər üçün ən cəlbedici məkanlar sırasındadır.