AZ

Leysan Məmmədovun tenderlərinin maxinasiyası ilə bağlı şirkətdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədovun tenderləri saxtalaşdırdığı, gizli sövdələşmələrə və dövlət büdcəsinin talanmasına yer verməsi ilə bağlı informasiyalar yayılıb. 

Yayılmış məlumatlarla bağlı şirkətin Demokrat.az-a açıqlamasını təqdim edirik:

“Məqalədə qeyd olunan “SMTS” MMC-nin qalib olduğu üç tenderlə bağlı öncəliklə aşağıdakı məqamları diqqətinizə çatdırırıq. 

Hər üç tender üzrə ehtimal olunan qiymətlər aşağıdakı kimidir: 

Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 1 və 2-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri – 42.479.710,84 AZN

Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 5 və 6-cı məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri – 42.881.950,42 AZN

Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 7 və 8-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri – 29.947.783,41 AZN 

Yuxarıdakı qiymətlərlə müqayisədə “SMTS” MMC-nin təqdim etdiyi qiymətlər və digər iştirakçıların qiymətləri arasında fərqlər tenderlərdə dövlət büdcəsinə real qənaət kimi dəyərləndirilməlidir. 

Eyni zamanda, həm “KÖRPÜBİNATİKİNTİ” MMC-nin, həm də “Azərsutəchizat” ASC-nin təklif etdiyi qiymətlər ehtimal olunan qiymətlə müqayisədə “Dövlət Satınalmaları haqqında” Qanunun tələb etdiyi 20%-dən aşağı olması diqqəti çəkir. Lakin həmin şirkətlərin verdiyi aşağı qiymət əsaslandırılmamışdır. Buna baxmayaraq, “SMTS” MMC-nin təklif etdiyi qiymətlər 20%-lik qiymət limitini aşmır, bu isə Qanunun 35.1.8-ci maddəsinə uyğun olaraq tender şərtlərində nəzərdə tutulmuş çərçivədədir. 

Qeyd etmək vacibdir ki, tenderlərdə təqdim olunan aşağı qiymətlərin nəticəsi olaraq və bu səviyyədə aşağı qiymətlərlə qalib gəlmək, təəssüf ki, keyfiyyət və xidmət standartlarının aşağı düşməsi, tikinti materiallarında və işçilikdə problemlər, vergidən yayınma, gəliri azaltmaq kimi neqativ hallara gətirib çıxara bilər ki, bu da dövlət maraqlarına ziddir. Məhz bu səbəbdən də bir çox tikililər keyfiyyətsiz icra olunur, yarımçıq qalır və dövlət qurumları qarşısında problemlərlə üzləşirlər”.

Qurumun açıqlamasında bildirilir ki, ölkənin aparıcı inşaat şirkəti olaraq tenderlərin keçirilməsində şəffaflıq və qanunçuluğun təmin olunmasına, bütün iştirakçıların bərabər hüquqlara malik olmasına xüsusi önəm verilir:

“Eləcə də, həyata keçirdiyimiz inşaat layihələrində bütün işlər tikinti normativləri və standartları çərçivəsində həyata keçirilir. Aşağı qiymət siyasəti, vergidən yayınma və keyfiyyətsiz inşaat kimi hallara yol verməmək üçün qanunun tələblərinə ciddi şəkildə əməl edirik.

Yuxarıdaki qeydlərimizi əsas tutaraq bildiririk ki, məqalədə irəli sürülən ittihamlar əsaslandırılmamış, təhrif olunmuş və məqsədyönlü, qərəzli xarakter daşıyır. Belə ictimaiyyəti çaşdıran, qurama iddiaların qarşısının alınması üçün sizdən xahiş edirik ki, şirkətin nüfuzuna və qanuni fəaliyyətinə zərbə vurduğu üçün “SMTS” MMC-nin adının hallandırıldığı hissəni məqalədən çıxarasınız”.


Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
27
1
demokrat.az

2Mənbələr