AZ

Səhnəmizin xanım-xatın xanəndəsi...- Fuad Biləsuvarlı yazır



Əsl xanım-xatınlıq nümunəsi olan, böyük səhnə mədəniyyəti ilə Ağdam xanəndəlik məktəbinin rəmzinə çevrilmiş Xalq artisti Aygün Bayramova – onun adını eşidən hər kəsdə könül titrəyişi doğurur. O, təkcə muğamı ifa etmir; hər kəlməsi, hər avazı ilə tamaşaçının qəlbinə toxunur. Səsi sanki bir musiqi rübabıdır — səslənəndə könülləri titrədən, səssizliyə ahəng qatan. Dinləyici bu sehirdən uzun müddət ayrıla bilmir; o səs beşik başında çalınan bir layladır — ana nəvazişi kimi duyulur.

Aygün Bayramova muğamsevərlərin yaddaşında yalnız bir xanəndə olaraq yox, fərdi sənətkar obrazı ilə yer alır. Onun sənətkarlığı milli kimliyimizin səsi, musiqimizin nəfəsidir. Ustadı, Azərbaycan musiqisinin parlayan ulduzu Şövkət Ələkbərova kimi, o da tarixdə iz qoyan səslər sırasındadır — heç bir zaman solmayan səhnə xatirəsi kimi.

1967-ci ilin 13 avqustunda Qarabağın dilbər guşəsi, muğamın-sözün nəfəs aldığı Ağdamın Sarıhacılı kəndində dünyaya göz açan Aygün Bayramova elə ilk gündən taleyini musiqinin sehri ilə yazmağa başlamışdı. Çünki onun səsi təkcə eşidilmir — o səslənəndə torpağın ruhu danışır, elin sevgisi dillənir.

O, yalnız xanəndə deyil. Böyük səhnələrin əvəzsiz solistidir — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının məhrəm səhnəsində gah Natəvanın incə narahatlığını, gah Koroğlunun döyüş ruhuna köklənmiş Xanəndə qızın ilhamını, gah da Aşıq Qəribdə Şahsənəmin ürək sızıltısını canlandırıb. Onun səhnədəki duruşu, vokal qüsursuzluğu və hər bir rolun ruhuna nüfuz etməsi tamaşaçını bir aktyor kimi deyil, el sənətkarı kimi heyran qoyur.

Muğam onun üçün bir sənət deyil — yaşamaq tərzidir. Səsi, muğamın klassik süfrəsini zamansızlıqla bezəyir. Bu səs təkcə yerli səhnələrdə deyil, beynəlxalq arenalarda da milli musiqimizin təbliğatçısı kimi səslənib. Parisdə, Moskvada, İstanbuldakı səhnələrdə o, təkcə Aygün Bayramova deyildi — o, Azərbaycanın ruhunu oxuyurdu.

Onun sənət yolu ustad Şövkət Ələkbərovanın musiqi mirası ilə səsləşir — bu səsdə həm vəfa var, həm də yenilik. Aygün Bayramova bu mirası sadəcə təkrarlamır, onu öz ruhu ilə danışdırır, zamana uyğunlaşdırır.

Ona baxanda insan düşünür: bəzi səs tonları torpaq kimidir — hər kəs onu hiss edə bilər, amma yalnız seçilmişlər onu eşidə bilər.
Aygün Bayramovanın bir xanəndə kimi yetişməsində ustadı, Xalq artisti Şövkət Ələkbərovanın böyük xidmətləri var. Nə yaxşı ki, tale onu Şövkət xanımla rastlaşdırdı. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda məhz Şövkət Ələkbərovdan muğamın sirlərini öyrəndi. Onun səsinin özünəməxsus çalarları var. Aygün Bayramova ifasının öz üslubu ilə fərqlənir. Başqaları çalışsa da, onun muğam yolunu tam anlamıyla davam etdirə bilməzlər—yalnız tələbələrindən savayı.
Sakit, həzin ifası ilə Aygün Bayramova sənətinin böyüklüyünü göstərə bildi.

O, 1989-cu ildə Muğam Teatrında xanəndə kimi işə götürülüb. Muğam Teatrının bütün tədbirlərində iştirak edərək, daha da populyarlaşmağa başlayıb.
Bu gün Azərbaycan muğamı deyəndə Aygün Bayramovanın da adını çəkirik. 1995-ci ildə muğam təhsilini artıraraq, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında xanəndə Arif Babayevin sinifində ikinci təhsilini alıb.

İlk dəfə Azərbaycan səhnəsinə çıxdığı andan etibarən, musiqi camiəsi onun ifasında özünəməxsus bir rəng duydu. O, hər toy şənliyində, hər verilişdə iştirak etməyi istəmir. İldə bir və ya iki verilişdə görünərək öz sanbalını qoruyur. Heç dəbdəbəni sevmir. Dəbdəbə onun üçün heç vaxt etalon olmayıb. Onun üçün dəbdəbə insanın şəxsiyyəti, mənliyidir. Özü əsl şəxsiyyət olduğu üçün yan-yörəsinə də gözəl insanları cəm edə bilib.

İş yoldaşları və kolleqaları onu ciddi və dəyərli insan kimi sevirlər. Bu ciddiliyi sənətinə də yansıdıb—oxuduğu bütün musiqi əsərləri dərin düşüncə və peşəkarlıq tələb edən nüfuzlu kompozisiyalardır.

Konservatoriyada dərs deyir, yeni nəsil musiqiçiləri yetişdirir. Sənətə olan sevgisini tələbələrinə ötürməklə yanaşı, boş vaxtlarını da yaxınları ilə bölüşür.

Ən çox onu darıxdıran Qarabağsızlıq idi. İndi Qarabağ azaddır. Gedib öz Ağdam rayonunun Sarıhacılı kəndini də görür. Bir vaxtlar yuxu kimi, xəyal kimi görünən Qarabağ torpağı artıq onun və neçə-neçə Qarabağlının əlinin altındadır.
Vaxt vardı ki, Aygün Bayramova çox kefsiz görünürdüsə, bu gün artıq onun üzündə sanki güllər açıb.


2005-ci ildə ona Azərbaycan Respublikasının Xalq artisti fəxri adı verilib və bir neçə dəfə Prezident mükafatına layiq görülüb.

Xalq artisti Aygün Bayramovanın sənət yoluna və şəxsiyyətinə dair ürək sözlərini onun yaxın dostu, Xalq artisti və professor Mənsum İbrahimov böyük ehtiramla səsləndirdi.



"Mən Aygün xanımı tələbəlik illərindən tanıyıram. Həmişə öz üzərində çalışan, zəhmətkeş və istedadlı bir gənc idi. O gündən bu günə qədər onun bütün yaradıcılığı gözümün önündə cərəyan edib. Biz Aygün xanımla eyni dövrdə təhsil almışıq. O, Şövkət xanımın sinifində oxuyurdu, mən də həmin sinifə tez-tez baş çəkirdim. Birgə konsertlərdə, tədbirlərdə iştirak edirdik. O zamandan bu günə qədər onun sənətə olan sevgisi və peşəkarlığı daim heyranlıq doğurub.

Həm xarici səfərlərdə, həm Azərbaycanın bölgələrində, həm də dövlət tədbirlərində Aygün xanımla dəfələrlə birgə səhnə paylaşmışıq. Eyni zamanda Opera və Balet Teatrında onunla tərəfmüqabili olmuşam. Aygün xanım çox dəyərli bir sənətkardır — hər zaman öz şəxsiyyətinə, mədəniyyətinə və sənətinə yüksək qiymət verən, akademik səviyyədə ifa edən bir sənətkar. Mən tam əminliklə deyə bilərəm ki, o, böyük sənətkar Şövkət Ələkbərovanın layiqli davamçısıdır.

Aygün xanımla səhnəni paylaşmaq, onunla eyni nəfəsdə oxumaq mənim üçün hər zaman bir sənət bayramı olub. O, səhnədə təkcə səsi ilə deyil, şəxsiyyəti ilə də parlayır. Şövkət xanımın ruhunu yaşadan, onu yeni dövrə daşıyan bir sənət fədaisidir.

O, operada Leyli obrazını böyük ustalıqla və duyğuyla yaratmışdı. Hər dəfə bu obrazı səhnədə canlandıranda mən dəfələrlə şahidi olmuşam — tamaşaçıların ona olan sevgisi, məhəbbəti və gur alqışları səhnəni titrədirdi. Biz bir çox Avropa ölkələrində, Amerika qitəsində, eləcə də Türkiyədə birgə səfərlərdə olmuşuq. Hər zaman Aygün xanıma yönələn alqışların, ehtiramın canlı şahidi olmuşam. O, təkcə səhnədə deyil, səfərlərdə də çox gözəl yol yoldaşıdır — səmimi, mədəni, diqqətli və ruhu ilə sənətə bağlı bir insan.

Leyli obrazını Aygün xanım elə bir incəliklə və hisslərlə oxuyurdu ki, sanki səhnədə bir obraz yox, bir taleyin özü yaşayırdı. Hər dəfə tamaşaçıların alqışları onun sənətinə olan dərin ehtiramın səsi olurdu. Biz dünyanın müxtəlif ölkələrində səhnə paylaşdıq, amma harada olursa olsun, Aygün xanımın sənəti həmişə ürəklərə yol tapırdı. O, həm səhnənin, həm yolun, həm də ruhun yoldaşıdır.

Aygün xanım dostlarına və sənət yoldaşlarına qarşı hər zaman diqqətli və qayğıkeşdir. Gənclərə daim dəstək olur, onların inkişafına böyük töhfə verir. O, gözəl bir ustaddır. Biz Milli Konservatoriyada birgə çalışırıq və onun yetişdirdiyi tələbələr bu gün müxtəlif müsabiqələrdə laureat adını qazanırlar. Tələbələrə və gənc ifaçılara göstərdiyi diqqət və qayğı onun pedaqoji fəaliyyətinin əsas sütunlarındandır. Hazırda Aygün xanımın sənətinin qızıl dövrüdür — bu gün səsləndirdiyi hər bir əsər onun sənət möhürü ilə imzalanır.

Aygün xanım təkcə səhnənin yox, həm də ürəklərin ustadıdır. Gənclərə verdiyi dəstək, tələbələrinə göstərdiyi sevgi onun sənətkarlığının insani ölçüsüdür. Bu gün onun səsi, onun izi hər ifada görünür — sanki zaman onun sənətinə ehtiramla baş əyir.

Arzu edirəm ki, Aygün xanım səhnəmizdən heç zaman əskik olmasın, hər zaman zirvələrdə olsun. O, adını artıq Azərbaycan musiqi tarixinə yazdırmış bir sənətkardır və əminəm ki, bu yüksək səviyyəni daim qoruyacaq.
Mən sənət dostuma uzun ömür, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram!!!



Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı, Həsən bəy Zərdabi mükafatçısı.




Seçilən
3
aia.az

1Mənbələr