Vətəninfo.az Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Suriya hökuməti ölkənin şimal-şərqində yerləşən və Kürd silahlı qruplaşması olan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarətində olan ərazilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır.
Qəzet yazır ki, SDQ hal-hazırda neft və qaz yataqlarını, strateji önəm daşıyan Tişrin su elektrik stansiyasını, eləcə də bir neçə sərhəd-keçid məntəqəsini nəzarətdə saxlayır. Suriya hökuməti həmin bölgələrdə hərbi qüvvələrini gücləndirməyə başlayıb.
Hürriyet mümkün əməliyyatda Türkiyənin və digər regional oyunçuların da iştirakının istisna olunmadığını qeyd edir. Məlumata görə, Ankara bu məsələdə Suriya hökumətini tam şəkildə dəstəkləyir.
SDQ rəhbərliyi əməliyyatın qarşısını almaq üçün Dəməşqə nümayəndə heyəti göndərib və federal strukturun yaradılmasını təklif edib. Lakin Suriya rəhbərliyi bu təklifi rədd edərək, yalnız bir şərt irəli sürüb: silahların təhvil verilməsi və ərazilərin hökumətin nəzarətinə qaytarılması.
ABŞ-ın Ankaradakı səfiri Tom Barrak isə bildirib ki, Suriya unitar dövlət olaraq qalacaq və ölkənin federallaşması qəbuledilməzdir.
Qəzet həmçinin regionda baş verən gözlənilməz diplomatik təmaslara diqqət çəkib. Məqalədə qeyd olunur ki, İsrail və İran – əvvəlki gərgin münasibətlərə baxmayaraq – Suriyadakı proseslərdə müəyyən koordinasiya aparırlar. SDQ-nin nəzarətində olan Həsəkə şəhərində keçirilmiş bir konfransda druz, ələvi liderləri, eləcə də İsrail və İran nümayəndələrinin iştirakı qeydə alınıb.