AZ

Mədəniyyət sahəsinin inkişafına elmi metodiki və ixtisasartırma dəstəyi

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

MEMİM-in yarımillik fəaliyyətinə qısa baxış

Turana qılıncdan daha kəskin ulu qüvvət,Mədəniyyət, mədəniyyət, mədəniyyət.

Hüseyn Cavid

Dahi şair-dramaturq Hüseyn Cavidin bu müdrik kəlamında milli-mənəvi təfəkkürün formalaşması və inkişafında mədəniyyətin müstəsna əhəmiyyəti öz əksini tapıb. Unudulmaz ədib, əslində, bütün bəşəriyyətin əmin-amanlıq içində yaşaması üçün mədəniyyətin zəruriliyi ideyasını irəli sürürdü...

Azərbaycan azsaylı ölkələrdəndir ki, burada mədəniyyətin bütün sahələri dövlətin davamlı diqqət və qayğısı ilə əhatə olunur. Ölkə rəhbərliyi bu sahənin inkişafına xüsusi diqqət göstərir. Dövlət tərəfindən mədəniyyətimizin qorunması, inkişafı və sistemli təbliğatına xidmət edən mühüm işlər görülür.

Mədəniyyətin mahiyyətində həm də təbliğat dayanır. Mədəni irsin qorunub yaşadılması qədər onun peşəkar səviyyədə təbliği və tanıdılması da vacibdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) də öz fəaliyyətini məhz bu istiqamətdə qurub. 2025-ci ilin birinci yarısında Mərkəz tərəfindən paytaxtla yanaşı bölgələri də əhatə edən diqqətəlayiq silsilə layihə və tədbirlər reallaşdırılıb. Müxtəlif səpkili layihələr tariximizin, elm və incəsənətimizin, sənət və sənətkarlığın peşəkar səviyyədə təbliğinə xidmət edir.

Ötən dövr ərzində milli və beynəlxalq əhəmiyyətli əlamətdar tarixi günlər, qan yaddaşı və tanınmış şəxsiyyətlərin yubileyinə həsr olunan tədbirlər keçirilib. Tədbirlərdə Mərkəzin əməkdaşları ilə bərabər, müvafiq qurumlardan mütəxəssislərin də iştirakı təmin edilib. Həmin layihə və tədbirlərdən bir neçəsinə qısa şəkildə nəzər salaq.

“Mədəni irsini qoru” ki...

MEMİM tərəfindən mədəni irsin qorunması məsələlərinə xüsusi diqqət yetirilir. Bu mənada, “Mədəniyyət rüzgarı” layihəsi və bu çərçivədə təşkil olunan “Mədəni irsini qoru” infoturu maraqlı layihələrdəndir. Mərkəzlə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı Bərpası üzrə Dövlət Xidməti, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə dəstəyi ilə həyata keçirilən infoturun əsas məqsədi ölkəmizin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində müxtəlif tədbirlər, bərpa və konservasiya işləri ilə bağlı praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi işlərinə müəyyən qədər töhfə verməkdir. 

Layihə çərçivəsində paytaxtdakı Zəngərpalan hamamına və Gəncə şəhərindəki Çökək hamam, Cavad xan türbəsi, Şah Abbas məscidi, karvansara, Gəncə Qala divarları, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Gəncədəki binası və digər tarixi yerlərə ekskursiyalar təşkil olunub. 

“Sənətkarın dostu” – sənətə daha yaxın olmaq

Xalqımızın milli-mənəvi sərvətlərinin qorunmasında sənətkarların mühüm xidmətləri vardır. Çağımızın sənətkarları sələflərinin yolunu layiqincə davam etdirərək həm öz ustadlarının ənənələrini yaşadır, onları tanıdır, həm də sənətdə yeni cığırlar açırlar. MEMİM-in diqqətçəkən layihələri sırasında “Sənətkarın dostu” xüsusi maraq doğurur. Layihə yeniyetmə və gənclərin tanınmış bir mədəniyyət xadiminin sənət dünyasına səyahəti nəzərdə tutur. Əsas məqsəd yeniyetmə və gənclərin sənətkarlarla təşkil olunan görüşlərdən bəhrələnməsi, onların estetik zövqünün formalaşması və sənətə münasibətin peşəkar səviyyədə inkişafına təkan verməkdir. 

“Sənətkarın dostu” layihəsi üzrə görüşlər paytaxtımızla bərabər, respublikamızın bir sıra bölgələrində də keçirilib. Belə ki, cari ilin 6 ayı ərzində Xalq artistləri – xoreoqraf Rüfət Xəlilzadə və bəstəkar Salman Qənbərovla Bakı şəhərində, xanəndə-pedaqoqlar Zabit Nəbizadə ilə Qax rayonunda, Mələkxanım Eyubova ilə Şamaxıda, Teyyub Aslanovla Gəncədə maraqlı görüşlər təşkil edilib. Adıçəkilən incəsənət ustaları sənətə gəlişləri, ustad-tələbə münasibətləri, pedaqoji və konsert fəaliyyətləri, eləcə də ifaçılığın sirləri barədə fikirlərini bölüşüb, tamaşaçılara unudulmaz sənət zövqü yaşadıblar. Musiqi təhsili müəssisələrində və mədəniyyət ocaqlarında keçirilən görüşlər, tədbirlər, xüsusilə, gənclərin yaddaşında silinməz iz qoyub, onların sənət yolunda inamla addımlamaları üçün stimul olub.

“Nəsildən nəslə teatr”, yaxud peşəkar teatr dərsləri

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən incəsənətin aparıcı sahələrindən olan teatrın cəmiyyətdə təbliğinə önəm verilir. Bu istiqamətdə həyata keçirilən layihələrin bölgələri də əhatə etməsi paytaxtdan uzaqda yaşayan sakinlərin mədəni proseslərə qoşulması baxımından çox əhəmiyyətlidir. “Nəsildən nəslə teatr” layihəsi də bu baxımdan dəyərli təşəbbüsdür. Layihənin məsqədi aparıcı səhnə xadimlərinin iştirakı ilə keçirilən silsilə seminarlar vasitəsilə gənc nəsillərin teatr sənətinə marağının artırılmasıdır. 

Layihə üzrə Əməkdar artist, rejissor, aktyor Nicat Kazımovun iştirakı ilə Bakıda, Xalq artisti, aparıcı səhnə ustası Nurəddin Mehdixanlının iştirakı ilə Gəncədə uğurla gerçəkləşən seminarlar böyük maraqla qarşılanıb. Sənətkarlar teatr sənətinin əhəmiyyətindən və Azərbaycan mədəniyyətinin inkişafındakı yüksək mövqeyindən, eləcə də bu sahənin aktual problemlərindən bəhs edib, öz yaradıcılıq təcrübələrini bölüşüblər. 

Mərkəzin teatrla bağlı ötən ildən təşkil etdiyi daha bir layihə “Regionlarda peşəkar teatr dərsləri”dir. Adından da göründüyü kimi, bu layihə üzrə təlimlərin hədəfi yalnız regionlarımıza yönəlib. Qazax Dövlət Dram Teatrında reallaşan təlimdə rejissor Ceyhun Dadaşov və teatrşünas, MEMİM-in əməkdaşı Dağlar Yusif səhnə sənəti ənənələri və çağdaş teatr estetikası ilə bağlı fikirlərini diqqətə çatdırıblar. Qaxda keçirilən növbəti təlim isə Əməkdar artist, pedaqoq Qasım Nağı və Dağlar Yusifin iştirakı ilə baş tutub.

“Aktyorluğu öyrən”

Teatr sənətinə peşəkar münasibəti ehtiva edən “Aktyorluğu öyrən” layihəsi də böyük maraqla qarşılanır. MEMİM və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı həyata keçirilən layihənin əsas məqsədi azyaşlı, yeniyetmə və gənclərdə teatr, eləcə də kino sənətinə marağın artırılması, bədii zövqün formalaşması, eyni zamanda aktyorluq sənəti üzrə ilkin biliklərin onlara öyrədilməsidir.

Mərkəzin hazırladığı xüsusi proqram əsasında təşkil olunan kurslarda rejissorlar, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Qasım Nağı və Qurban Məsimov tərəfindən tələbə aktyorlara sənətin sirləri öyrədilib, diplom tamaşaları hazırlanıb. Layihə üzrə Pərvin Nurəliyevanın “Cırtdanino” və Aleksandr Volkovun “Zümrüd şəhərinin sehrbazı” əsərləri əsasında tamaşalar nümayiş olunub. 

Tədris proqramı çərçivəsində tələbələr peşəkar teatr və kino mühitində təcrübə qazanmaqla yanaşı, tanınmış sənətçilərin iştirakı ilə keçirilən ustad dərslərində də iştirak ediblər. Diplom tamaşalarının nümayişindən sonra iştirakçılar sertifikatla təltif ediliblər.

“Ustad dərsləri” həmişə faydalıdır

Müdriklərin belə bir deyimi var: öyrənməyin mənbəyi öyrətməkdir. Bu baxımdan MEMİM-in diqqətçəkən layihələri sırasında “Ustad dərsləri”nin də xüsusi yeri var. Layihə uşaq musiqi və incəsənət məktəblərində təhsil prosesinin peşəkar səviyyədə qurulması, bu sahədə fəaliyyət göstərən müəllimlərin, eləcə də şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin etməkdən ibarətdir.

Layihə üzrə Bakı və Gəncə şəhərlərində, Sabirabad və Siyəzən rayonlarında gerçəkləşən ustad dərsləri tanınmış ifaçı və pedaqoqlar tərəfindən aparılıb. Üzeyir Hacıbəylinin Ev-Muzeyində keçirilən ustad dərsi xüsusilə əlamətdar olub. MEMİM və “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ustad dərsində italyan pianoçu Elena Chiaveqato da iştirak edib. Paytaxtımızın bir sıra musiqi təhsili ocaqlarından müəllim və şagirdlərin qatıldığı dərs iştirakçıların böyük marağına səbəb olub.

“Ustad dərsləri” layihəsi ilə yanaşı, MEMİM tərəfindən müxtəlif sahələri əhatə edən təlim kursları da təşkil olunur. Buna misal olaraq, kitabxana əməkdaşları üçün Bakıda və Gəncədə keçirilən təlimləri qeyd edə bilərik. Muzey əməkdaşları üçün Gəncədə reallaşan təlimlər, əmək qanunvericiliyi ilə bağlı Bakıda təşkil edilən təlimlər də yaddaqalan olub. Bütün bu təlimlər sahənin mütəxəssisləri tərəfindən aparılıb və maraqla qarşılanıb.

***

İlin birinci yarısında MEMİM-in əməkdaşları uşaq musiqi və incəsənət məktəbləri üçün tədris proqramlarının hazırlanmasında da iştirak ediblər. Mərkəzin rəhbərliyi və əməkdaşları Mədəniyyət Nazirliyi tərəfindən musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə həyata keçirilən attestasiya prosesinə də yaxından dəstək veriblər. Attestasiya öncəsi sualların tərtib olunması, onların istiqamətə uyğun müəllimlərlə müzakirəsi, müəllimlərin proseslə bağlı məlumatlandırılması təşkil edilib. Attestasiya zamanı 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər üçün əlavə imkan yaradılıb. Mərkəzin təşkilatçılığı ilə bu kateqoriyadan olan müəllimlər üçün təlimlər keçirilib. 

Bundan əlavə, paytaxt və bölgələrdə fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərindən daxil olmuş 100-dən artıq sorğu MEMİM-in əməkdaşları tərəfindən cavablandırılıb, müvafiq metodiki tövsiyələr verilib.

***

Cari ilin 6 ayı ərzində MEMİM-in dəstəyi və tərəfdaşlığı ilə Beynəlxalq Muğam Mərkəzdə “Milli mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında”, Azərbaycan Bəstəkarlar İttifaqında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Gəncə Dövlət Universitetində “Musiqidə milli ənənələrin təcəssümü” mövzularında elmi-praktiki seminarlar keçirilib.

Məlum olduğu kimi, Azərbaycanın Laçın şəhəri bu il “MDB-nin mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir. Mərkəzin bir qrup əməkdaşı iyun ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən “paytaxt ili”nin rəsmi açılış mərasimində və digər tədbirlərdə fəal iştirak edib.

Ötən dövrdə MEMİM-in media orqanları ilə uğurlu əməkdaşlığına nail olunub. Mərkəzin layihə və tədbirləri mediada geniş işıqlandırılıb. Həmçinin əməkdaşlar müxtəlif televiziya proqramlarında mədəniyyətin fərqli sahələri ilə bağlı çıxışlar edib, mətbuat orqanlarında məqalələri dərc olunub. 

Bütün bu qeyd olunanlar Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən ilin birinci yarısında həyata keçirilən tədbir və layihələrin qısa xülasəsidir. Qarşıda mədəniyyətimizin inkişafına xidmət edəcək yeni hədəflər var...

Səadət TƏHMİRAZQIZI,MEMİM-in Metodiki iş sektorunun mütəxəssisi,sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
xalqqazeti.az

3Mənbələr