AZ

Avropa İttifaqının missiyası tez bir zamanda fəaliyyətini dayandırmalı və geri qayıtmalıdır 

Vaşinqtonda keçirilmiş üçtərəfli görüş və sülh müqaviləsi layihəsinin paraflanması Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələ açır və prosesə tam aydınlıq gətirir. Müqavilə layihəsinin mahiyyəti sıfırdan Azərbaycan tərəfindən irəli sürülüb və Azərbaycanın təşəbbüsü ilə beynəlxalq hüquqa sadiqliyi əsasında hazırlanıb. Bu, Ermənistan üçün böyük öhdəliklər yaradır və gələcəkdə onun sənəddən boyun qaçırmasını mümkünsüz edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

“Sənəddə üçüncü tərəflərin: hərbi birləşmələrin, missiyaların və beynəlxalq təşkilatların hərbi-mülki qruplarının regiona göndərilməsi ilə bağlı məsələyə də aydınlıq gətirilir. Vaşinqtonda paraflanan sənəd Ermənistanın üzərinə konkret öhdəlik qoyur ki, belə missiyalar, o cümlədən Avropa İttifaqının (Aİ) missiyası tez bir zamanda fəaliyyətini dayandırmalı və geri qayıtmalıdır”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Aİ missiyası Fransanın təşəbbüsü ilə Cənubi Qafqazda Ermənistan üzərindən manipulyasiya etmək məqsədilə yaradılıb və göndərilib: “ABŞ Prezidentinin iştirakı və şahidliyi ilə imzalanan sənəd onu deməyə əsas verir ki, əgər Aİ bu missiyanı geri çağırmasa, ABŞ və Aİ arasında kolliziya yarana bilər. Çünki Vaşinqton görüşü və paraflanan sənəd ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesinə birbaşa zəmanət verməsi və şahidlik etməsi ilə baş tutub. Belə olan halda Aİ missiyası yalnız destruktiv məqamlar gətirəcək”.

Tural Gəncəliyev əlavə edib ki, Aİ-nin və üzv ölkələrin rəsmiləri Vaşinqton görüşünü təqdir etməklə kifayətlənməməli, missiyanın ləğvinə dair addımlar atmalıdırlar. “Aİ missiyası ilk gündən Azərbaycana qarşı hərbi və mülki kəşfiyyat xarakterli məlumatların toplanması ilə məşğul olub. Bu, tamamilə mənasız və məntiqsizdir, dərhal dayandırılmalıdır. Ermənistan isə imzaladığı öhdəliklərə uyğun olaraq üçüncü tərəflərin hərbi qüvvələrini və missiyalarını regiona buraxmamalıdır”, - deyə deputat vurğulayıb.

Seçilən
5
3
azerbaijan-news.az

4Mənbələr