AZ

ABŞ eksperti RF-nin Odessada SOCAR-ın neft bazasına hücumunu “hiddət doğuran” akt adlandırıb  

Rusiya silahlı qüvvələrinin Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-ın Ukraynanın Odessa vilayətindəki neft bazasına endirdiyi zərbə “hiddət doğuran aktdır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Viskonsin ştatında yerləşən Azərbaycan-ABŞ Biznes və Təhsil Şurasının təsisçisi, Amerika diplomatiyası tarixi və ABŞ xarici siyasəti üzrə fəxri professor Piter Teys deyib.

Ukrayna hakimiyyətinin məlumatına görə, İranın “Şahed” pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində böyük yanğın baş verib və dizel yanacağı olan boru kəmərinə ziyan dəyib. Yanğın tez bir zamanda söndürülsə də, dörd əməkdaş ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Professor bildirib: “Bu, sadəcə olaraq, Rusiyanın Ukraynaya təcavüzündən dəymiş zərər deyil, həm də Azərbaycanın aparıcı şirkətinə və yüksəksəviyyəli milli brendə qarşı qəsdən edilmiş hücumdur. Hücum Prezident Donald Trampın vasitəçiliyi və Prezident İlham Əliyevin həlledici misilsiz rəhbərliyi ilə Ermənistan ilə Azərbaycan arasında otuz ildən çox davam edən münaqişəyə son qoyan Ağ evdə keçirilən üçtərəfli sammitdən on saatdan az bir müddət sonra baş versəydi, bu unikal təsadüf olardı”.

Ekspertin fikrincə, SOCAR-ın neft anbarı Avropa bazarlarının əsas yanacaq tədarükçüsüdür və ona hücum “Rusiya mediasının Azərbaycana və onun Avropadakı iqtisadi maraqlarına qarşı apardığı informasiya və hibrid müharibəsi ilə birgə hərbi əməliyyatların eskalasiyasıdır”.

O əlavə edib: “Avqustun 8-9-da Odessa vilayətində SOCAR-ın obyektinə edilən hücum Aİ ölkələrinin pisləməli olduğu dəhşətli bir hərəkətdir. Bu, iki mesaj verir: sözügedən hücum Rusiyanın “şahin” dairələrinin Ukraynanın enerji infrastrukturuna qarşı kampaniyasının bir hissəsidir və bu ölkədə müəyyən qrupların Cənubi Qafqazla bağlı hegemon istəklərinin əksidir”.

Teys vurğulayıb ki, avqustun 8-də Ağ evdə keçirilən görüş bəzi ölkələri qıcıqlandırıb və sonrakı hücum Ukrayna ərazisində Azərbaycana qarşı “açıq-aşkar hərbi təxribat” olub.

O, həmçinin 2024-cü il dekabrın 25-də 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə nəticələnən “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin vurulmasında əli olanların hamısını məsuliyyətə cəlb etməyə çağırıb.

Ekspertin sözlərinə görə, Azərbaycanın geosiyasi maraqları həmişə ABŞ-ın maraqları ilə üst-üstə düşüb və ötən həftə Ağ evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması “Sovet İttifaqının süqutundan sonra Amerika diplomatiyası və Azərbaycanın xarici siyasəti tarixində ən mühüm hadisə olub”.

Teys hesab edir ki, Azərbaycan, Ukrayna və ABŞ-a qarşı “kəşfiyyat əməliyyatları, hibrid müharibələr və kiberhücumlar” istər-istəməz beynəlxalq ticarətdə inam və mövqenin, habelə mədəni və iqtisadi təsir imkanlarının itirilməsinə gətirib çıxarır.

Seçilən
7
2
azerbaijan-news.az

3Mənbələr