8 avqust Vaşinqton görüşü və “907-ci düzəliş”in ləğvi yalnız siyasi-iqtisadi müstəvidə deyil, təhsil sahəsində də yeni imkanların qapısını aça bilər.
Bu sözləri AzEdu.az-a deputat Mehriban Əliyeva söyləyib.
O qeyd edib ki,yaxşı təcrübələr var. Sadəcə daha ciddi addımlar atıla bilər:
"ABŞ-la münasibətlərdə gərginlik fonunun aradan qalxması iki ölkə arasında daha rahat institusional əlaqələrin qurulmasına və uzunmüddətli təhsil proqramlarının təşviqinə şərait yaradır. Azərbaycan-ABŞ strateji tərəfdaşlıq fonunda istiqamətlərdə humanitar sahə vurğulanmasa da, düşünürəm, strateji işçi qrupu bu istiqamətdə də əlaqələrə imkan açacaq.
Yeni əməkdaşlıq formatları- Birgə universitet proqramları – ABŞ-ın aparıcı universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında ikili diplom (dual degree) proqramları genişlənə bilər. Bu, tələbələrin həm Bakıda, həm də ABŞ universitetlərində təhsil alaraq iki ölkənin diplomunu qazanmasına imkan verər. Həmçinin süni intelekt sahəsində kadr hazırlığı məsələsi də gündəmə gətirilə bilər".
Regionun öyrənilməsi üçün Qarabağ Universiteti ilə maraq yaratmaq olar
"Araşdırma mərkəzləri və laboratoriyalar - mühəndislik, energetika, süni intellekt, kibertəhlükəsizlik kimi sahələrdə birgə tədqiqat mərkəzləri qurula bilər. Fulbright və digər qrant mexanizmlərinin genişləndirilməsi – Fulbright proqramı Azərbaycanda daha geniş əhatə ala bilər, həmçinin ABŞ-ın digər təqaüd mexanizmləri üçün xüsusi kvotalar müəyyən edilə bilər.
ABŞ-dən Azərbaycana tələbə axını. Hal-hazırda tələbə axını əsasən Azərbaycanın ABŞ-a istiqamətlidir. Amma münasibətlərin istiləşməsi ilə əks istiqamətdə də hərəkət mümkündür. Regionun öyrənilməsi üçün Qarabağ Universiteti ilə maraq yaratmaq olar. Unutmayaq ki, bunun üçün Azərbaycan universitetlərində ingilisdilli proqramların genişləndirilməsi – ABŞ tələbələrinin cəlb edilməsi üçün keyfiyyətli və beynəlxalq akkreditasiyalı ingilis dilində tədris proqramları olmalıdır.
Qısamüddətli mübadilə və yay məktəbləri – “Summer School in the Caspian” və ya “Energy and Geopolitics in the Caucasus” kimi proqramlar ABŞ tələbələri üçün maraqlı ola bilər. Mədəniyyət və dil tədrisi – Azərbaycan dili və mədəniyyəti üzrə xüsusi kurslar ABŞ tələbələrinə təqdim edilə bilər".
Bu proses düzgün planlansa, 5–7 il ərzində ABŞ-dən Azərbaycana tələbə axını reallığa çevrilə bilər
"Mexanizmlər: ikili hökumət təşviqi – təhsil sahəsində dövlətlərarası sazişlərdə qarşılıqlı kvotalar və maliyyə dəstəyi də vacib məsələlərdir. Universitet assosiasiyaları və konsorsiumlar – məsələn, “US-AZ Education Partnership Network” kimi platformanın yaradılması; Qrant və investisiya təşviqləri – ABŞ-ın təhsil fondu və korporativ sponsorları ilə ortaq layihələr haqqında da düşünmək olar. Bu proses düzgün planlansa, 5–7 il ərzində ABŞ-dən Azərbaycana tələbə axını reallığa çevrilə bilər. Amma bunun üçün həm akademik keyfiyyət, həm də beynəlxalq tanınma mexanizmləri üzərində ciddi iş aparmaq lazım olacaq. Onu da qeyd edim ki, yaxşı təcrübələr var. Sadəcə daha ciddi addımlar atıla bilər".