AZ

Fındıq istehsalçıları ilə görüş keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Zaqatalada Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala regional bölməsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Zaqatala Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə fındıq istehsalçıları ilə görüş keçirilib. Görüşdə Azərbaycanın fındıq istehsalı və ixracında əsas paya malik olan, sektoru təmsil edən 12 aparıcı şirkətin nümayəndələri iştirak edib.

Tədbirdə fındıq istehsalı və tədarükü zamanı elektron alış aktına dair tələblər, subsidiya mexanizminin dəyişdirilməsi, vergi güzəştlərinin müddətinin uzadılması və ixrac prosesi zamanı ortaya çıxan məsələlər geniş şəkildə təhlil edilib. Müzakirələr zamanı kənd yerlərində elektron alış aktlarının tətbiqi, sənədləşmə prosedurlarının sadələşdirilməsi, fındığın keyfiyyətinin qorunması üçün düzgün yığım və saxlanma qaydaları barədə kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi kimi mövzular əhatə olunub. Eyni zamanda, daha səmərəli sənədləşmə mexanizmlərinin tətbiqi, subsidiyaların məhsulun faktiki miqdarı əsasında verilməsi və yeni qaydalara keçid üçün ikiillik möhlət təklifi irəli sürülüb.

Təqdim olunmuş təkliflərin nəzərdən keçiriləcəyi və bu istiqamətdə müvafiq addımların atılacağı bildirilib. Görüşün sonunda mövcud çağırışların aradan qaldırılması və ixrac potensialının artırılması məqsədilə aidiyyəti qurumlar və bazar iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə edilib.

Seçilən
9
5
vergiler.az

6Mənbələr