AZ

Cənubi Koreyanın sabiq prezidentinin həyat yoldaşı da həbs edildi

Seul Mərkəzi Rayon Məhkəməsi həbsdə olan sabiq Cənubi Koreya prezidenti Yun Sok Yolun həyat yoldaşı Kim Kon Xini həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Renxap” agentliyi yazıb.

O, səhmlərlə bağlı dələduzluqda, rüşvət almaqda və seçkilərə müdaxilədə ittiham olunur.

Keçmiş birinci xanım ittihamları qəbul etmir. Məhkəmə onun azadlıqda qaldığı təqdirdə sübutları məhv edə biləcəyini əsas gətirərək həbs qərarı verib. “Renxap” qeyd edir ki, Cənubi Koreya tarixində ilk dəfədir ki, sabiq prezident və onun həyat yoldaşı eyni vaxtda həbsdədir.
 

Prokurorluğun versiyasına görə, Kim “Deutsch Motors” — BMW markalı avtomobillərin Cənubi Koreyadakı diler şirkətinin səhmlərinin qiymətini süni şəkildə artırmaq sxemində iştirak edərək 800 milyon von (təxminən 577 min ABŞ dolları) qazanıb. Bundan əlavə, o, “Birləşmə və Ümumdünya Sülh Kilsəsi” adlı dini təşkilatdan “işgüzar xidmətlər” müqabilində iki “Chanel” çantası və brilyant üzük almaqda, həmçinin 2022-ci il parlament seçkilərində namizədlərin irəli sürülməsinə müdaxilə etməkdə ittiham olunur.


Xatırladaq ki, 2024-cü ilin dekabr ayının əvvəlində o zaman prezident vəzifəsini icra edən Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etmiş, bunu “Şimali Koreya kommunist qüvvələrinin təhdidindən ölkəni qorumaq zərurəti” ilə izah etmişdi. Parlament hərbi vəziyyəti bir neçə saat sonra ləğv etmiş, bundan sonra prezident üsyana təhrikdə ittiham olunmuşdu. 2025-ci ilin yanvar ayının ortalarından Yun Sok Yol həbsdə olsa da, martda azadlığa buraxılmışdı.

Konstitusiya Məhkəməsi Yun Sok Yolun impiçmentini təsdiqlədikdən sonra ölkədə növbədənkənar prezident seçkiləri keçirilmiş, “Toburo” Demokrat Partiyasının namizədi Li Cze Men qalib gəlmişdi. 2025-ci ilin iyulunda Yun Sok Yol yenidən həbs edilmişdi.

Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr