Vətəninfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Almaniyanın paytaxtı Berlinə səfər edib. Səfərin əsas məqsədi ABŞ Prezidenti Donald Tramp, Almaniya kansleri Fridrix Merts, Avropa liderləri və NATO baş katibi Mark Rütte ilə birgə keçiriləcək videokonfransda iştirak etməkdir. Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Serhiy Nikiforov jurnalistlərə açıqlama verib.
Nikiforovun sözlərinə görə, Zelenski və Merts əvvəlcə ikitərəfli görüş keçirəcək, daha sonra isə birlikdə videokonfransa qoşulacaqlar. Görüşdə əsas diqqət Ukraynadakı müharibəyə, Rusiya ilə bağlı təhlükəsizlik təhdidlərinə və Avropanın ümumi mövqeyinin formalaşdırılmasına yönələcək.
Videokonfransın bu gün keçirilməsi planlaşdırılır. Tədbirdən sonra, Zelenski və Mertsin mətbuat üçün birgə bəyanat verməsi gözlənilir.
Bundan əlavə, bu gün həm də “İstəklilər Koalisiyası”nın iclası keçiriləcək. Bu koalisiya, Ukraynaya mümkün atəşkəs və ya siyasi həll ssenarisində necə dəstək verilməli olduğunu müzakirə edir.
Almaniyanın nüfuzlu BILD nəşrinin yazdığına görə, Almaniya hökuməti bir neçə mərhələli videokonfrans planlaşdırır. Əsas mövzulardan biri — Rusiyanın ərazi iddialarına qarşı necə reaksiya verilməli və təhlükəsizlik təminatlarının hansı şərtlərlə mümkün ola biləcəyi olacaq.
Mənbələr bildirir ki, Almaniya kansleri Fridrix Merts, Donald Trampın Ukrayna və Avropanın maraqlarına zidd olan “şübhəli razılaşma” bağlamasının qarşısını almağa çalışır. Avropa liderləri bu məsələdə vahid mövqe nümayiş etdirməyə çalışırlar.