Rusiyanın təhsil müəssisələrində miqrant uşaqların fikirləri və davranışları xüsusi nəzarətə götürüləcək. Müəllimlərə, şagirdlərin mümkün hüquq pozuntularına meyilliliyini müəyyən etmək məqsədilə onların ifadələrini diqqətlə izləmək tövsiyə olunub.
Hafta.az xəbər verir ki, bu məsələ Rusiya Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, həmçinin Elm və Ali Təhsil Nazirliyinin birgə hazırladığı metodik tövsiyələrdə ətraflı şəkildə yer alıb.
Sənədə əsasən, pedaqoqlar şagirdlərin yazılı işlərində tarixi yaddaşa, ənənəvi Rusiya dəyərlərinə və dövlət rəmzlərinə qarşı hörmətsizlik ifadə edən fikirlərə xüsusi diqqət yetirməlidirlər. Bundan əlavə, müəllimlər miqrant uşaqların "Vacib söhbətlər" dərslərinin mövzularına reaksiyasını izləyəcək, siyasi, sosial və dini mövzulardakı müzakirələrin kəskin artması hallarını qeydə alacaqlar. Xüsusilə, bu söhbətlərdə radikal baxışlar və dözümsüzlük müşahidə olunarsa, bununla bağlı tədbirlər görüləcək.
Daha dolğun təsəvvür formalaşdırmaq üçün müəllimlərə məktəblilərlə qeyri-rəsmi şəraitdə anonim sorğular və fərdi söhbətlər aparmaq da tövsiyə edilir. /"Vedomosti" qəzeti/