Avqustun 15-də Misli Premyer Liqasında yeni mövsüm start götürəcək. Azərbaycan millisinin sabiq hücumçusu, son olaraq ölkənin 21 yaşadək futbolçulardan ibarət yığmasını çalışdırmış Samir Əliyevlə əlaqə saxlayıb hansı komandaların yüksək hədəflər uğrunda mübarizə aparacaqlarını güman etdiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Legioner limiti aradan qaldırılandan, Premyer Liqada klub sayı 12-yə çatdırılandan sonra transfer bazarında canlanma yarandığına şahidlik etdik. İstər böyük büdcəsi olanlar, istərsə də məhdud maliyyə ilə fəaliyyət göstərənlər bu yay xüsusi fəallıqla diqqət çəkdilər. Hər biri heyətlərini gücləndirmək yönündə addımlar atıblar. Fikrimcə, bu mövsüm çempionat daha maraqlı alınacaq. "Qarabağ"ı bir kənara qoyaq, "Zirə" artıq 5-ci mövsümdür ki, eyni baş məşqçinin rəhbərliyi altında oynayır, komplektləşmiş heyəti var. "Neftçi" transfer bazarında olduqca fəaldır, səviyyəli legionerlərlə güclənib. "Araz-Naxçıvan" və digər iddialılar da həmçinin. Məncə, yeni mövsümdə komandalar iki "altılığ"a bölünəcək. İlk "altılıq"da "Qarabağ", "Zirə", "Neftçi", "Sabah", "Turan Tovuz" və "Araz-Naxçıvan" yer alacaq. Yəni bu komandaları mövsüm ərzində ilk 6 yerdə görəcəyimizi düşünürəm. Bu kollektivlər ilk "dördlüy"ə, avrokuboklara düşmək uğrunda mübarizə aparacaqlar. Avrokuboklara vəsiqə uğrunda həqiqətən gərgin mübarizə gedəcək. Debütantlar elitadakı yerlərini qorumağa çalışacaqlarsa, digərləri də ilk "altılıq"da olmağa can atacaqlar. Hər birinə uğurlar arzulayıram".
Nihat