Zəngəzur dəhlizinin reallaşması Türkiyə üçün logistika sahəsində yeni dövr açacaq. Mərkəzi dəhlizin bəzi hissələrini qısaldacaq bu yeni xətt tranzit vaxtlarına saatlara, hətta günlərə qənaət edəcək. Bu, Türkiyənin Avropa ilə Asiya arasında logistika mərkəzi olmaq və regional ticarətə milyardlarla dollar töhfə vermək arzusunu gücləndirəcək.
Hafta.az-ın yazdığına görə, Türkiyə üçün bu qazanclar nəinki vaxta qənaət edəcək, həm də nəqliyyat xərclərinin azaldılması, dəmir yolu nəqliyyatının payının artması və Rusiya marşrutundan asılılığın azalması kimi çoxşaxəli üstünlüklər təmin edəcək.
Dəhlizin açılması türk logistika şirkətləri üçün yeni bir dövr açacaq. Artan tranzit yüklərin həcmi, intermodal terminal investisiyaları, sürətli gömrük inteqrasiyası, sığorta və təhlükəsizlik xidmətləri kimi sahələrdə yeni biznes imkanları yaranacaq. Geosiyasi risklərin azalması və alternativ yolların artması sektorun risklərin idarə edilməsi strategiyalarını da yenidən formalaşdıracaq.
Sürat Logistics-in baş direktoru Tarkan Türkel Zəngəzur dəhlizinin Türkiyə üçün əhəmiyyətli iqtisadi və geosiyasi üstünlüklər təmin edəcəyini bildirərək, aşağıdakı qiymətləndirməni edib: "Türk cümhuriyyətləri ilə ticarət artacaq və daşıma xərcləri azalacaq. Təbii qaz və neft kimi enerji ehtiyatlarının Türkiyə üzərindən nəqlinə imkan yaradacaq. Türkiyə regional rəqabətdə ön plana çıxaraq İran və Rusiyanı keçəcək".
Dəhliz təkcə Türkiyə deyil, həm də Çin və Avropa ölkələri üçün əhəmiyyətli üstünlüklər verəcək. Çindən Avropaya səyahət vaxtları təxminən iki həftə azaldıla bilər. Xüsusilə Mərkəzi Asiya ilə ticarət Şərqi Avropa ölkələri üçün yeni ölçü qazanacaq. Eynilə, Xəzər hövzəsindən enerji ehtiyatlarının Türkiyə və Avropaya daha qısa müddətdə çatdırılması da enerji təhlükəsizliyini artıracaq.
Bakı-Tbilisi-Qars xətti ilə inteqrasiyası gözlənilən Zəngəzur dəhlizi Türkiyə ilə Çin arasında fasiləsiz dəmir yolu şəbəkəsi yaradacaq. Bu, təkcə logistikada deyil, həm də siyasi və iqtisadi əlaqələrdə yeni səhifə açacaq. Tarkan Türkel deyir: "Bu xəttlə Orta Dəhlizin gücü artacaq. Türkiyə həm iqtisadi baxımdan faydalanacaq, həm də Asiya ilə Avropa arasında strateji tranzit nöqtəsi mövqeyini gücləndirəcək".
Dəhlizin Türkiyəyə giriş nöqtəsi olan Dilucu Sərhəd Qapısında mövcud infrastrukturun meydana gələcək yüksək trafik həcmini idarə etmək üçün kifayət etmədiyi gözlənilir. Qısa müddətdə fiziki imkanlar artırılmalı, müasir gömrük texnologiyaları inteqrasiya edilməli, keçid prosesinə əsaslanan yeni model həyata keçirilməli olduğu vurğulanır.
Türk logistika şirkətləri üçün Zəngəzur dəhlizinin altı strateji prioriteti var:
1. Qars, Mersin və Mərmərə xətlərində intermodal terminal və anbar investisiyaları, 2. Azərbaycan və Gürcüstanın nəqliyyat operatorları ilə strateji əməkdaşlıq, 3. Rəqəmsal gömrük həlləri və tək pəncərə inteqrasiyası, 4. Yeni marşrutlar üçün müvafiq vaqon və texniki infrastrukturun planlaşdırılması, 5. Siyasi və əməliyyat risklərinə qarşı sığorta həlləri, 6. Zaman-qiymət çevikliyini təmin edən müştəri yönümlü qiymət modelləri.
Dəhlizin açılması ən çox Türkiyə və Azərbaycana iqtisadi və logistik fayda verəcək. Türkiyə Asiya bazarına birbaşa çıxışı təmin etməklə ixrac və tranzit gəlirlərini artıracaq. Azərbaycan isə Naxçıvan üzərindən Türkiyəyə qoşulmaqla Avropaya inteqrasiyanı gücləndirəcək.
Zəngəzur dəhlizinin təkcə logistika baxımından deyil, həm də xarici siyasət nöqteyi-nəzərindən əhəmiyyətli təsirləri olacaq. Azərbaycanın quru əlaqəsi gücləndikcə Ermənistan yeni strateji təşəbbüslər həyata keçirməyə məcbur olacaq. Rusiya Cənubi Qafqazdakı balansını yenidən nəzərdən keçirərkən, Çin və Avropa İttifaqı daha təhlükəsiz və daha qısa Asiya-Avropa marşrutuna malik olacaq.