«Neftçi»nin qapıçısı Rza Cəfərova yeni müştəri çıxıb.
Hazırda Konfrans Liqasında mübarizə aparan «Araz-Naxçıvan» onu icarəyə götürmək niyyəti ilə «ağ-qaralar»ın qapısını döyüb.
Premyer Liqanın bürünc medalçısı bakılılarla sözləşməsi 2027-cı ilin yayında başa çatacaq kiperin xidmətindən növbəti mövsümdə yararlanmaq fikrindədir.
Özü də məqsədləri onu əsas heyətdə oynatmaqdır. Baxmayaraq ki, Kristian Avraam son iki sezonda «1 nömrə» olaraq ilk «11-liy»in dəyişməz üzvüdür.
Baş məşqçi Elmar Baxşıyev bununla belə, «çərçivə»ni Cəfərova tapşıracağına dair «Neftçi» tərəfinə zəmanət verib.
«Neftçi» bugünlərdə Kenan Piriçi sıralarına qatıb. Bura gələnə qədər Türkiyədə «Antalyaspor»un uğurları üçün tər tökmüş qapıçıyla 2 illik müqavilə imzalanıb.
Şübhə yoxdur ki, Bosniya və Herseqovina millisinin qapıçısı bura ehtiyat skamyada əyləşməkdən ötrü dəvət olunmayıb. O, uzun sürən danışıqlardan sonra Azərbaycana gəlməyə razılaşıb.
Piriçin keçidi Cəfərovu arxa plana atıb. Hələ rəqabət sırasında Emil Balayevin də olmasını görməkdəyik.
Bütün bunları nəzərə alanda, Rzanın «Araz»a icarəyə verilməsi mümkün haldır.
SPORTİNFO.AZ