Xəbər verdiyimiz kimi, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilib.
Musavat.com xəbər verir ki, bu barədə nüfuzlu "Middle East Eye" qəzetinin müxbiri Ragıp Soylu diplomatik mənbələrə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, 44 günlük müharibə dövründə Ankara təkcə Azərbaycana döyüş dronları, radioelektron mübarizə sistemləri və kəşfiyyat avadanlıqları təmin etməyib. Eyni zamanda, Türkiyə rəsmiləri Azərbaycan ordusunda Rusiya tərəfdarı şəxslərin müəyyənləşdirilməsində iştirak ediblər.
“Bu “ünsürlərdən” biri də rusiyayönlü simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkov olub. Vəziyyətlə tanış olan mənbənin MEE-yə verdiyi məlumata görə, müharibə günlərində Türkiyə hakimiyyəti onun deportasiyasını təşkil edib, dindirmək üçün Türkiyəyə aparıb və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib.”, – deyə Ragıp Soylu yazır.

Hadisənin aktuallığını nəzərə alaraq Nəcməddin Sadıkovun dosyesini təqdim edirik.
Nəcməddin Sadıkov KİMDİR?
Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dağıstan MSSR-in Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana köçüb. Evlidir, 3 övladı var.
Sadıkov 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini qızıl medalla, 1988-ci ildə isə M.V. Frunze adına Hərbi Akademiyanı bitirib. 1991-ci ildə Sovet İttifaqı Marşalı B.M. Şapoşnikov adına “Vıstrel” Ali Zabit Hazırlığı kursunu tamamlayıb.

O, 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə – taqım, bölük, tabor komandiri, alay komandirinin müavini kimi xidmət edib. 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna qəbul olunaraq briqada və korpus komandiri, cəbhə komandanının birinci müavini və Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi olub.
2 noyabr 1993-cü ildə Prezident sərəncamı ilə müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib. Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü kimi Azərbaycanın hərbi doktrinası və milli təhlükəsizlik konsepsiyasının hazırlanmasında iştirak edib. 24 iyun 2005-ci ildə general-polkovnik rütbəsi alıb.

2020-ci ilin iyulunda onun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yüksək vəzifə tutması barədə yayılan iddialar Müdafiə Nazirliyi tərəfindən təkzib olunub. Lakin həmin ilin oktyabrında – İkinci Qarabağ müharibəsi zamanı – adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb. 28 yanvar 2021-ci ildə vəzifəsindən azad edilərək ehtiyata buraxılıb.
Nəcməddin Sadıkov xidmətlərinə görə bir sıra dövlət təltiflərinə layiq görülüb: “Azərbaycan Bayrağı” ordeni (1995, 2009), 1-ci dərəcəli “Rəşadət” ordeni (2018), 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (2007), “Vətən uğrunda” medalı (2003), “Hərbi xidmətlərə görə” medalı (2009), “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı və digər orden-medallar.