Adətən səfərdən qayıdanlar yaxınlarına getdiyi yerlərdən suvenir gətirirlər. Amma elələri də olur ki, geri dönüş “hədiyyəsi” olaraq cürbəcür xəstəlikləri yadigar saxlayır. Müşahidələr göstərir ki, başqa ölkələrdən qayıdan azərbaycanlıların bəziləri, fərqinə varmadan, yanında virus, infeksiya da gətirir.
“Səyahət xəstəliyi” nədir?
Həkim-terapevt Adil Muxtarov Bizim.Media-ya bildirib ki, səyahətdən qayıdanların həkimə müraciət səbəbləri müxtəlif olur.
Ümumiləşdirilmiş ad kimi “Səyahət xəstəliyi” deyilən bu şikayətlərdə əsasən ishal, qusma, yüksək hərarət, titrətmə, öskürək, nəfəs darlığı, dəri səpgiləri və hətta göz iltihabı üstünlük təşkil edir.
“Xüsusilə isti ölkələrdən, tropik ərazilərdən qayıdanlarda son vaxtlar dəri problemləri, müxtəlif həşərat dişləmələri qeydə alınır. Allergik insanlarda belə problemlərdən yaranmış müalicələr uzunmüddətli olur. Ona görə də xroniki xəstəliyi olanlar gərək getdiyi ölkəni orqanizminə görə seçsin. Asiya, Afrika ölkələrinə gedənlər var ki, nə qədər ekzotik də olsa, anti-sanitar vəziyyətə görə mədə-bağırsaq xəstəliklərinə tutulublar”, - deyə o qeyd edib.
Mütəxəssis diqqətə çatdırır ki, riskləri minimuma endirmək üçün səyahət öncəsi ölkənin epidemioloji vəziyyəti ilə tanış olmaq, ona görə səfəri planlaşdırmaq lazımdır. Küçə yeməklərinə ehtiyatla yanaşmaq vacibdir.
Açıq su kranlarından, bulaqlardan su içmək olmaz.
Qeyd edək ki, azərbaycanlıların ən çox səyahət etdiyi ölkələr üzrə tibbi risklər fərqlidir. Məsələn, Türkiyə və Gürcüstandan gələnlərdə əsasən qida zəhərlənməsi və mövsümi qrip müşahidə olunur. Ərəb ölkələrindən gələnlər isti iqlim səbəbindən yaranan qida pozuntularından əziyyət çəkirlər. Soyuq iqlimli Rusiya və Avropa ölkələrindən qayıdanlarda qrip, pnevmoniya halları üstünlük təşkil edir. Afrika və Asiya kimi isti və tropik ölkələr isə malyariya, qızdırma, müxtəlif dermatitlər xatirə qoyur.
Şəfiqə Şəfa, Bizim Media