Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.
Bu barədə məlumatı Prezident Administrasiyası yayıb.
Təkbətək formatda keçirilən görüşdə tərəflər Gürcüstan və Türkiyə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərini, eləcə də müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Prezident Kavelaşvili Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə Cənubi Qafqazdakı vəziyyət də diqqət mərkəzində olub. Gürcüstan Prezidenti bildirib ki, ölkəsi regionda “dinc yanaşı yaşama” prinsipini dəstəkləyir və sülhün, konstruktiv əməkdaşlığın təşviqi prosesinə hər zaman töhfə verməyə hazırdır. O, Azərbaycan və Ermənistanın davamlı sülhə doğru atdığı addımları alqışlayaraq, bunun regional sabitliyə mühüm töhfə verəcəyini qeyd edib.
Tərəflər həmçinin Rusiya-Ukrayna münaqişəsini təhlükəsizlik çağırışları kontekstində müzakirə ediblər. İqtisadi əməkdaşlıq məsələlərinə toxunularkən, Mixail Kavelaşvili Gürcüstan və Türkiyə arasında həyata keçirilən regional və strateji layihələrin səmərəli əməkdaşlığın, davamlı inkişafın və etibarlı tərəfdaşlığın nümunəsi olduğunu vurğulayıb.
Prezident Kavelaşvili hazırda həyat yoldaşı ilə birlikdə Ankarada rəsmi səfərdədir. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib.