İranın milli valyutası "Tümən" və kiçik valyuta isə "Qeran" olacaq.
Trend-in məlumatına görə, bunu İranın Mərkəzi Bankının baş direktoru Məhəmməd Rza Fərzin yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda ölkənin milli valyutasının adının "Rial" olmasına baxmayaraq, ictimaiyyətdə praktiki olaraq "Tümən" adından istifadə olunur.
Fərzin deyib ki, ölkədə inflyasiyanın artması ilə xarici valyutalar qarşılığında milli valyutanın dəyəri ciddi şəkildə azalıb. Bu isə ölkəyə uyğun olmayan səviyyədədir. Buna əsasən, milli valyutadan 4 sıfırın silinməsi (denominasiya) mütləq həyata keçirilməlidir.
İran Mərkəzi Bankının şefi qeyd edib ki, ölkədə hazırda ən böyük pul əsginası 100 min rialdır. Ondan böyük əsginaslar bank çeki hesab olunur.
"Hazırda ölkədə 10,4 milyard əsginas dövriyyədədir. Ölkədə 4 sıfırın dərhal silinməsinin problemlərindən biri budur. Bir çox alqı-satqıların bank kartları vasitəsi ilə həyata keçirilməsinə baxmayaraq, bank şəbəkəsində problem olduğu halda, əsginas vasitəsilə alqı-satqıların həyata keçirilməsinə şərait yaradılmalıdır", - deyə o qeyd edib.
Qeyd edək ki, 10 avqustda İran hökuməti milli valyutadan 4 sıfırın silinməsi (denominasiyası) prosesi ilə əlaqədar yeni layihə qəbul edib.
Xatırladaq ki, 4 avqustda İran parlamentinin iqtisad komitəsinin sədri Şəmsəddin Hüseyni milli valyutadan 4 sıfırın silinəcəyi, milli valyutanın adının isə "Rial" qalacağını bildirib.
Əlavə edək ki, İran parlamenti 2020-ci ildə İran valyutasının denominasiyası ilə əlaqədar qərar verib. Qərara əsasən İranın milli valyutasından 4 sıfır atılması, "rial" adı "tümən" adına dəyişdirilməsi nəzərdə tutulub. Lakin sözügedən qanun layihəsi İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməyib.