Almaniyalı mütəxəssis Yoahim Löv Özbəkistan millisinin baş məşqçisi olmaqdan imtina edib.
News24.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, Lövlə Özbəkistan Futbol Assosiasiyasının nümayəndələri arasında danışıqlar bu ölkənin Berlindəki səfirliyinin köməyi ilə aparılıb. Lakin bir neçə günlük müzakirələrdən sonra 65 yaşlı mütəxəssis təklifi rədd etmək qərarına gəlib.
Qeyd edək ki, Yoahim Lövün son iş yeri 2006-2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisi olub. Bundan əvvəl o, iki il millidə Yurgen Klinsmanın köməkçisi kimi fəaliyyət göstərib. Onun rəhbərliyi altında komanda dünya çempionatının (2014) və Konfederasiyalar Kubokunun (2017) qalibi olub.