AZ

13 Avqust – Beynəlxalq Solaxaylar Günü: Mütəxəssislərin şərhi

13 Avqust - Beynəlxalq Solaxaylar Günüdür. Bu gün solaxayların unikallığının və fərqliliklərinin cəmiyyətə çatdırılması və təbliğ olunması məqsədilə qeyd edilir.

QHT.az xəbər verir ki, bu gün ilk dəfə 1976-cı ildə “Lefthanders International” təşkilatının qurucusu Dean Kampbel tərəfindən qeyd olunub. 1992-ci ildə isə Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə Beynəlxalq Solaxaylar Günü təsis edilib. Bəzi məlumatlara görə, dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Alimlər solaxaylığın genetik səbəblərə əsaslandığını düşünürlər. Böyük Britaniya tədqiqatçıları bunu təsdiq edən genlər aşkarlayıblar. Solaxaylığın irsən keçməsi elmi araşdırmalar zamanı təsdiqlənib. Lakin bununla yanaşı, bəzən ailədə heç kim solaxay olmadığı halda uşaqlarda solaxaylıq inkişaf edir.

Alimlərin qənaətinə görə, solaxaylarda beynin sağ yarımkürəsi sol yarımkürəsinə nisbətən daha yaxşı inkişaf edir və beynin yarımkürələri arasındakı keçiricilik daha yaxşıdır. Solaxaylar beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər. Onlar çox vaxt başqalarının diqqətini özlərində toplamağı bacarırlar.

Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı bildirib ki, orta əsrlərdə "solaxayları" hətta şeytan adlandırıb yandırsalar da, bu əslində bir xəstəlik deyil:

"Beynin sağ yarım kürəsinin daha yaxşı inkişaf etməsi bizi solaxay edirmiş.(genetik faktorlar da var). Solaxaylar günümüz mübarək solaxaylar. 10 faiz olmaq da bir ayrıcalıqdır. Bu arada Yaponiyada insanlara beynin sağ və sol yarım kürəsinin inkişaf etdirilməsi üçün hər iki əllə yazmaq öyrədilirmiş".

İqtisadçı Samir Əliyev bildirib ki, solaxaylar yazını sol əlləri, futbolu isə sol ayaqları ilə oynayırlar: "Onların bir qismi solaxay olsalar da yazını sağ əllə yazırlar. Çünki onları uşaqlıqdan belə öyrədiblər, elə mənim kimi".

Statistikaya görə, Azərbaycanda əhalinin 8 faizi solaxaydır. Lakin həkimlərin qənaətinə görə, uşaq solaxaydırsa, onu sağa keçirmək onun bütün vərdişlərini dəyişir və onu daha aqressiv edir. Ona görə də onu dəyişməyə çalışmamaq məsləhətdir.

Mütəxəssislərin araşdırmalarına görə, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahəsində əsl dahilərin yaranmasına gətirib çıxara bilər. Ona görə də solaxay olanlar bunu özlərinə kompleks etməməli və uğura doğru daim irəliləməlidirlər. Dünyada solaxay məşhurlar da çoxdur. Buna misal olaraq, Leonardo da Vinçi, Yuli Sezar, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Uinston Çörçil, Ronald Reyqan, Barak Obama, Bill Qeyts və başqalarını göstərmək olar.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
65
qht.az

1Mənbələr