AZ

"Ukraynaya silah tədarükü üçün... - Deputat

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan və Ukrayna Prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında telefon danışığı olub, Rusiya ordusunun Azərbaycan qazının keçdiyi Ukraynanın qaz infrastrukturuna zərbələr endirməsi, eləcə də Odessada SOCAR-ın neft bazasına hücum olunması məsələsi müzakirə olunub. Ölkə liderləri Rusiya silahlı qüvvələrinin hərəkətlərini pisləyiblər.

"Caliber.az"ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, əgər Rusiya Azərbaycanın maraqları istiqamətində təcavüzkar siyasətini davam etdirsə, o zaman rəsmi Bakı Ukraynaya onun arsenalında olan silah-sursat tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsinə baxmağa başlayacaq.

Maraqlıdır, bu yanaşma nə dərəcədə realdır? Azərbaycan Ukraynaya silah tədarükünə başlaya bilər?

Məsələ ilə bağlı danışan deputat Elman Nəsirov News24.az-a bildirib ki, Cənab İlham Əliyevin xarici siyasət kursu hər zaman müstəqillik, milli maraqların qorunması və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanır:

“Heç kəsə sirr deyil ki, Cənab Prezident müstəqil xarici siyasət həyata keçirir. Atdığımız addımlar beynəlxalq hüquqla ziddiyyət təşkil etmir, əksinə, onun norma və prinsiplərinə söykənir. Azərbaycan öz siyasətini beynəlxalq hüququn aliliyinə əsaslanaraq qurur”.

Elman Nəsirov iki ölkə arasında münasibətlərin uzunmüddətli və dərin hüquqi əsaslara malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu əlaqələrin formalaşması və möhkəmlənməsi mərhələlərlə baş verib:

"2000-ci ildə Azərbaycan və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə imzalandı, daha sonra 2008-ci ildə dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə qəbul edilib və nəhayət 2022-ci ildə Prezidentlər arasında birgə bəyannamə imzalanıb. Bu iki ölkənin dostluq və tərəfdaşlıq əlaqələrinin güclü olduğunun bariz nümunəsidir. Bu sənədlər iki ölkə arasında münasibətlərin hüquqi çərçivəsini müəyyənləşdirir və onların sabit inkişafına zəmin yaradır".

Elman Nəsirovun sözlərinə görə, bu gün Azərbaycan Ukraynaya hərbi texnika göndərmir, dəstək humanitar sahədə davam edir:

“Bizim əməkdaşlığımız bu gün humanitar istiqamətdədir – tibbi yardım, enerji dəstəyi, sosial layihələr və digər sahələrdə. Amma beynəlxalq siyasətdə vəziyyət dinamik dəyişir, sabah nələrin baş verəcəyini söyləmək çətindir. Azərbaycanın bütün addımları beynəlxalq hüquqa uyğun şəkildə atılır və heç bir üçüncü dövləti hədəfə almır".

Aqil Qarayev

Seçilən
15
news24.az

1Mənbələr