2025-ci il 13 avqust tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə “Qafqaz-Qəbələ” Məhdud Məsuliyyətli Cəmiyyət arasında turizm sahəsində ixtisaslı və peşəkar kadrların hazırlanmasına dair əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Universitetdən AzEdu.az-a bildirilib ki, sənədi MDU-nun rektoru Anar Eminov və “Qafqaz-Qəbələ” MMC-nin
direktoru Şəbnəm Süleymanova imzalayıblar. Memorandum Turizm işinin təşkili, Turizm bələdçiliyi, Turizm və hotelçilik ixtisasları üzrə təhsil alan tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla
birləşdirərək əmək bazarına uyğun rəqabətqabiliyyətli kadrlar yetişdirilməsini, regionun turizm və qonaqlama sektorunda elmi-tədqiqat və innovativ yanaşmaların təşviqini hədəfləyir. Buna uyğun olaraq rektor A.Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ şəhərində yerləşən Tufandağ Hoteldə olub. Ziyarət çərçivəsində keçirilən dəyirmi masa görüşündə tərəflər birgə əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Görüşdə tələbələr üçün hotel və digər turizm obyektlərində təcrübə proqramlarının təşkili, otelçilik sahəsində fəaliyyət göstərən mütəxəssislərin universitetdə qonaq müəllim kimi çıxış etməsi, elmi-tədqiqat layihələrinin icrası, yeni xidmət texnologiyalarının tətbiqi üzrə təlimlər, regionun sosial-iqtisadi və turizm
potensialının inkişafına yönəlmiş təşəbbüslərdə birgə iştirak məsələləri diqqət mərkəzində olub.
Rektor Anar Eminov bildirib ki, bu əməkdaşlıq tələbələrə nəzəri biliklərini real iş mühitində tətbiq etmək, turizm sektorunun tələblərinə uyğun peşəkar bacarıqlar qazanmaq imkanı yaradacaq. Mingəçevir Dövlət Universiteti olaraq əsas məqsədimiz məzunlarımızın əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişdirilməsi olduğunu qeyd edən rektor “Qafqaz-Qəbələ” MMC ilə qurulan bu əməkdaşlıq tələbələrimiz üçün geniş praktiki təcrübə imkanları yaradacağına inandığını, onların gələcək karyeralarına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
“Qafqaz-Qəbələ” MMC-nin direktoru Şəbnəm Süleymanova MDU ilə qurulan əməkdaşlığın regionun turizm potensialından səmərəli istifadə, ixtisaslı kadrların hazırlanması və xidmət keyfiyyətinin artırılması baxımından uğurlu addım kimi qiymətləndirib. Peşəkar kadrların yetişdirilməsinə strateji məsələ kimi baxan direktor MDU ilə əməkdaşlığın həm tələbələrə təcrübə imkanı yaradacağını, həm də turizm sektorunda yeni, yaradıcı və bacarıqlı mütəxəssislərin qazanılmasında müstəsna rol oynayacağını bildirib.
Sonra, “Qafqaz Riverside Hotel”in maddi-texniki bazası, xidməti imkanları ilə tanış olunub. Memoranduma əsasən tərəflər təhsil, təcrübə, elmi-tədqiqat, innovasiya və insan resurslarının inkişafı sahələrində əməkdaşlıq edəcək, birgə seminar, konfrans və karyera tədbirləri təşkil olunacaq. Əməkdaşlığın icrası üçün birgə Koordinasiya Komissiyası yaradılacaq. Turizm işinin təşkili, Turizm bələdçiliyi, Turizm və hotelçilik ixtisaslarında təhsil alan tələbələrin “Qafqaz-Qəbələ” MMC-yə məxsus hotel və digər turizm müəssisələrində istehsalat təcrübəsi keçməsi təmin ediləcək.