ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşünün Qərb mediasında yaratdığı səs-küyə münasibət bildirib. O, mediada yer alan tənqidləri “qərəzli” və “ədalətsiz” adlandırıb.
Tramp özünün Truth Social hesabında yazıb ki, görüş barədə xəbərlərdə əsasən “işdən çıxarılmış uğursuzlar” və “ağılsız ekspertlər” sitat gətirilir. Misal olaraq o, keçmiş müşaviri Con Boltonun “Görüş ABŞ ərazisində baş tutsa belə, Putin artıq qalibdir” fikirlərini göstərib. Tramp bu yanaşmanı mənasız adlandırıb.
Prezidentin sözlərinə görə, onun administrasiyası “hər sahədə qalib gəlir”. Tramp ironiya ilə əlavə edib: “Əgər Rusiyayla razılaşma çərçivəsində Moskva və Leninqradı pulsuz əldə etsəydim belə, saxta media bunu pis anlaşma kimi təqdim edərdi”.
ABŞ lideri həmçinin onu tənqid edən media qurumlarını korrupsiyada ittiham edib və bəzi jurnalistləri “xəstə və vicdansız insanlar” adlandıraraq, onların Amerikaya nifrət etdiyini iddia edib.
//Samir Qurbanov, Editor.az