AZ

Qadın sürücülər: Onların diqqət və məsuliyyəti sərnişinləri heyrətləndirir

Ekspert təsdiqləyir ki, qadınlar nəqliyyatda da peşəkar ola bilər 

İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni təlim proqramına start verib. Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edir. Əlilliyi olan şəxslərlə düzgün davranış qaydaları da xüsusilə aşılanır. Məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin edən, sərnişinlərlə düzgün və nəzakətli davranan, böhran vəziyyətlərdə peşəkarlıq nümayiş etdirən qadın sürücülər hazırlamaqdır.
Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb olunurlar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edir. Eyni zamanda, sürücülər müxtəlif yol şəraitində qəza risklərinin minimuma endirilməsi ilə bağlı vacib bacarıqlar qazanırlar.

Təlimlərin sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından keçirlər. Bu mərhələdə onların həm nəzəri bilikləri, həm də praktiki bacarıqları kompleks şəkildə qiymətləndirilir.

Nəqliyyat eksperti Yasin Mustafayev “Sherg.az”a bildirdi ki, ölkəmizdə kişi və qadın bərabərliyi mövzusu zaman-zaman müzakirə olunur:

Qadınların və kişilərin məşğul olduqları fəaliyyət sahələri, demək olar ki, əksər hallarda eyni istiqamətləri əhatə edir. Lakin bəzi sahələr mövcuddur ki, bu sahələrdə qadınların iştirakı həm mentalitet baxımından, həm də qanunvericilik çərçivəsində müəyyən məhdudiyyətlərlə tənzimlənir. Xüsusilə ağır əmək tələb edən peşələrdə bu məhdudiyyətlər daha qabarıq şəkildə nəzərə çarpır. Son dövrlərdə ictimai nəqliyyatda avtobus sürücüsü kimi qadınların işə cəlb olunması isə müsbət addım kimi qiymətləndirilir. Peşəkar qadın sürücülərin avtomobil idarəetmə bacarıqları, diqqət və məsuliyyətləri ilə fərqlənmələri diqqətçəkən məqamdır. Hətta qeyd edilə bilər ki, qadınlar avtomobili daha diqqətli idarə edirlər. Bu baxımdan ictimai nəqliyyatda qadın sürücülərin işə qəbul edilməsi məqsədəuyğun hesab olunur.
Hazırda ictimai nəqliyyatda fəaliyyət göstərən operator şirkətlərin maddi-texniki bazasının güclənməsi nəticəsində sürücünün əsas funksiyası yalnız nəqliyyat vasitəsini idarə etməkdən ibarətdir. Əvvəllər təkərin zədələnməsi və ya texniki nasazlıq hallarında sürücü bu problemi yerində həll etməli idi. Lakin hazırda hər hansı nasazlıq yarandıqda, nəqliyyat vasitəsi dərhal təmirə göndərilir və texniki müdaxilə sürücünün vəzifə öhdəliklərinə daxil edilmir. Bu, sürücülərin iş yükünü yüngülləşdirərək onların yalnız idarəetmə funksiyasına fokuslanmasına şərait yaradır. Belə şərait qadınların da bu sahədə səmərəli fəaliyyət göstərməsinə imkan verir. Qadınların bu peşədə çalışmasını təşviq etmək üçün onların bu sahəyə marağını artıracaq tədbirlər həyata keçirilməlidir. Onlar iş prosesindən məmnuniyyət hissi duymalı, vəzifələrini peşəkarlıqla icra etməli və sərnişinləri təhlükəsiz və diqqətli şəkildə təyinat məntəqəsinə çatdırmalıdırlar”.

FİDAN

Seçilən
38
sherg.az

1Mənbələr