AZ

"Tramp və Putin Alyaskada görüşəcək: Ukraynada atəşkəs gündəmin mərkəzindədir" - "Deutsche Welle"

"Ukrayna ilə bağlı hər hansı ərazi məsələsi yalnız Kiyevin iştirakı ilə həll edilə bilər..."

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin avqustun 15-də Alyaskanın Ankoric şəhərində yerləşən Elmendorf-Richardson hərbi bazasında görüşəcək.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, bu, iki ölkə rəhbərlərinin son dörd ildə ilk üzbəüz görüşü olacaq. Ağ Ev uzun müddət danışıqlar üçün uyğun məkan axtarsa da, yayda turizm mövsümünün pik dövrü səbəbindən seçimlər məhdud olub və yalnız bu baza təhlükəsizlik və logistika baxımından tələblərə cavab verib.

Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə, Tramp Avropa liderlərinə bildirib ki, Ukrayna ilə bağlı hər hansı ərazi məsələsi yalnız Kiyevin iştirakı ilə həll edilə bilər. Makron vurğulayıb ki, liderlər həmçinin mümkün güzəştlərin Ukraynanın təhlükəsizliyinə təminatlarla birbaşa bağlı olması barədə razılığa gəliblər. Trampın məqsədi Putinlə görüşdə Ukraynada atəşkəs əldə etməkdir.

Bununla belə, görüşdə Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı nəzərdə tutulmur. Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, danışıqlarda yalnız birbaşa müharibədə iştirak edən tərəf - Rusiya təmsil olunacaq. 

Kremlin xarici siyasət üzrə müşaviri Dmitri Suslov isə iki ssenari təqdim edib: ya Ukrayna qüvvələri Donbasın bəzi hissələrindən çıxarılacaq və Rusiya digər ərazilərdən əl çəkəcək, ya da ABŞ Kiyevə hərbi yardımı və Avropaya silah satışını tam dayandıracaq.

Trampın müşaviri Marko Rubio isə görüşü "tanışlıq sessiyası" adlandırıb: "Prezidentin məqsədi qarşısında oturan adamın gözünə baxmaq, onu şəxsən dinləmək və qiymətləndirməkdir". Bu sammit Ukrayna müharibəsinin gedişatında dönüş nöqtəsi ola biləcək diplomatik imkan kimi qiymətləndirilir, lakin Avropa müttəfiqləri ehtiyatlı mövqedə qalırlar.

Seçilən
2
moderator.az

1Mənbələr