AZ

Vaşinqton razılaşmalarının əks-sədası - Ermənistan parlamenti Paşinyana qarşı qalxdı...


Vaşinqton razılaşmalarından sonra Ermənistan parlamentində yer alan iki müxalifət fraksiyasını təmsil edən “Hayastan” bloku və Respublikaçılar Partiyası Ermənistanın baş nazirinə qarşı yeni hücuma keçiblər. Onlar baş nazir Nikol Paşinyanın ABŞ dövlət başçısı və Azərbaycan prezidenti arasında imzaladığı üçtərəfli razılaşmanı Ermənistan və erməni xalqı üçün “yeni ekzistensial təhlükə” və “kapitulyasiya” adlandırırlar.

İkinci prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku iddia edir ki, nə üçtərəfli bəyanatın, nə də İrəvanla Bakının paraflanmış sazişin real sülhlə heç bir əlaqəsi yoxdur. “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan qeyd edir: “Bu sənəddə erməni marağının nədən ibarət olduğunu burada heç kim göstərə bilməz. Kağız üzərində sülh sözündən başqa, Ermənistan üçün müsbət nəsə var, yoxsa yox? “Hayastan”ın fikrincə, sənəd Qarabağdan ermənilərin çıxması, Bakıda ermənilərin məhkəmələrini qanuniləşdirməyə yönəlib. Minsk qrupunun ləğvi isə Qarabağ məsələsinin beynəlxalq gündəmdən çıxarılmasına xidmət edir edir. Əsas tənqidlərdən biri də odur ki, İrəvan Tramp-Paşinyan-Əliyev üçtərəfli bəyannaməsinə əsasən, Azərbaycana Naxçıvana maneəsiz marşrut təqdim etməyi öhdəsinə götürüb. Yazılır ki, maneəsiz əlaqə olacaq, düzdür? Sabah Ermənistan pandemiya ilə əlaqədar fövqəladə vəziyyət elan edir. Həmin yolda fövqəladə vəziyyət işləməlidir, ya yox? Məsələn, erməni sərhədçisi Azərbaycan avtomobilini saxlayıb deyə bilər ki, “bir dəqiqə dayanın, siz maska ilə keçməyə borclusunuz, biz də bunu sizdən tələb etməyə borcluyuq”. Bu halda bu, buradakı maneəsiz əlaqəyə zidd olacaq”. Vaşinqton danışıqlarından sonra media Ermənistanın baş nazirinə analoji sual ünvanlayıb, lakin Nikol Paşinyan suala birbaşa cavab verməyib: “Biz bütün nəzəri və praktiki situasiyaları bir-bir təsvir edə bilmərik. Ona görə də deyirik ki, nəyisə qısaca təsvir etmək lazımdır, bütün mümkün situasiyalarda cavablar ondan qaynaqlanır”. Dərc olunmuş sülh sazişində “Hayastan”alyansına görə ərazi bütövlüyünün qarşılıqlı tanınmasından tutmuş bir-birinin daxili işlərinə qarışmamağa qədər olan müddəalar formal xarakter daşıyır və heç bir beynəlxalq təminat nəzərdə tutmur.

Vaşinqtonun onun paraflandığı sənəddə müəyyən mənada vasitəçi olub-olmaması ilə bağlı suala Artsvik Minasyan belə cavab verib: “Burada Vaşinqton imzası varmı?”. Üçtərəfli bəyannaməni “kapitulyasiya” kimi qiymətləndirən Respublikaçılar Partiyası Vaşinqton razılaşmalarından dərin narahat olduqlarını bildirir, bunu Azərbaycanın birtərəfli tələbləri və geosiyasi proseslərin təzyiqi altında Ermənistan hakimiyyətinin imzaladığı növbəti təhlükəli sənəd kimi qiymətləndirirlər. Öartiya bəyanatında bildirib: “ABŞ prezidenti Donald Trampın sülhyaratma səylərini yüksək qiymətləndirməklə yanaşı, qeyd etmək lazımdır ki, bu sazişi imzalamaqla Ermənistanın avantürist rəhbərləri Ermənistanın suverenliyini təhlükəli sınaq qarşısında qoyur”. Hakim partiyadan olan deputat Mariya Karapetyan müxalifətin tənqidinə belə cavab verib: “Bir sözlə, müxalifətə ya olmayan geosiyasi ədalət, ya da mütləq mövcud olan bir şey lazımdır. Onlar reallığı dərk etməkdə acizdirlər”. Parlamentdənkənar müxalifətdən də reaksiyalar var. Məsələn, “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan ona diqqət çəkir ki, İrəvan və Bakı sənəddə Almatı bəyannaməsini rəhbər tutsalar və bir-birlərinin ərazi bütövlüyünü tanısalar da, sazişdə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıyacağı konkret xəritə yoxdur: “Azərbaycan Ermənistanı konkret xəritə ilə belə tanımır. Bu kağız başımızın üstündə asılan Damokl qılıncıdır, sənədin yanına yaxşı olardı ki, xəritə qoysunlar, qoy Azərbaycan, bu xəritə ilə bizi tanısın. Sülh danışıqlarının bir mərhələsində, sərhədlərin müəyyənləşdirilməsi prosesi hələ sülh müqaviləsindən ayrılmadığı bir vaxtda erməni tərəfi orada konkret xəritənin, xüsusən də Sovet İttifaqının ən son 1975-ci il xəritəsinin yerləşdirilməsini təklif etmişdi, lakin Bakı bunun əleyhinə idi”. Daha sonra demarkasiya məsələsi sülh müqaviləsindən çıxarılaraq ayrıca formatda davam etdirildi. Erməni politoloq Stepan Danielyan isə məsələnin başqa tərəfinə diqqət edir: “Bildiyimə görə, Ermənistan Azərbaycanın təklifini qəbul edib ki, Zəngəzurun giriş və çıxışında Azərbaycan tərəfindən Azərbaycan keçid məntəqələri yerləşdiriləcək və bütün əməliyyatları Azərbaycanın gömrük xidməti həyata keçirəcək, məlumat toplayaraq Ermənistana ötürəcək”. O qeyd edib ki, həmin məlumatlara əsasən, erməni gömrük xidməti orada heç bir əməliyyat aparmayacaq. Erməni politoloqun sözlərinə görə, Ermənistan heç bir nəzarət həyata keçirməyəcək, Azərbaycanın ərazinin həmin hissəsindən keçən vətəndaşlarına qarşı heç bir əməliyyat aparmayacaq: “Bu o deməkdir ki, faktiki olaraq həmin ərazi üzərində Ermənistanın suverenliyi olmayacaq. Halbuki, Ermənistan hakimiyyəti iddia edir ki, ölkənin suverenliyi qorunur”. Danielyan istisna etməyib ki, həmin ərazidə ABŞ-dən və ya digər ölkələrdən olan, əksəriyyəti xüsusi xidmət orqanlarının əməkdaşları olan silahlı şəxslərdən ibarət özəl mühafizə şirkətləri fəaliyyət göstərəcək. Danielyan bildirib ki, sərhədin o biri tərəfində İran ordusu yerləşir və onun sayı həmin ərazidə artır.

O xatırladıb ki, bununla paralel olaraq orada Rusiya hərbi bazası da mövcuddur.

Erməni politoloq vurğulayıb ki, bütün bu mənzərə ona Suriyada baş verənləri xatırladır: “Ermənistan çoxdan böyük dövlətlərin toqquşma mərkəzinə çevrilib. Başqa məsələdir ki, bu, hansı dərəcədə gərgin mərhələyə keçəcək”.

Samirə SƏFƏROVA

Seçilən
9
baki-xeber.com

1Mənbələr