Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri, burada əldə olunan razılaşmalar regionda yeni sülh, rifah və inkişaf dövrünün başlanğıcı kimi tarixə düşdü. Eyni zamanda, ABŞ prezidenti Donald Trampın dəvəti əsasında baş tutan səfər Bakı-Vaşinqton münasibətlərinin yeni mərhələsini müəyyənləşdirdi.
Səfər zamanı imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu buna əyani sübutdur. Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir. Bundan başqa, prezident İlham Əliyev ilə Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq, bu səfər çərçivəsində “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncam da imzalandı. Bütün bunlar həm də Azərbaycanın ABŞ-da erməni lobbisinə vurduğu zərbə oldu. Azərbaycan lideri bir səfərlə, keçirdiyi görüşlərlə ABŞ-ın Azərbaycan münasibətində mühüm yeniliklərə nail oldu. Elə bu da səfərin ən böyük uğurlarından bri hesab olunur.Amerikalı ekspert, geosiyasi risklər üzrə "Scarab Rising Inc.” konsaltinq şirkətinin prezidenti İrina Tsukerman qeyd edir ki, Vaşinqton razılaşmaları Azərbaycanın potensialını gücləndirir və regional təşəbbüslərin mərkəzini Bakı istiqamətinə çəkir: “Praktiki təsir artıq Azərbaycanın infrastruktur layihələrinin investisiya cəlbediciliyinin artmasında özünü göstərir: kreditlərin cəlb olunması, özəl tərəfdaşların fəallaşması və enerji zəncirlərində xarici iştirakın genişlənməsi iqtisadi təsirin uzunmüddətli bazasını yaradır. Bu, ani qazanc deyil, Cənubi Qafqazda geoiqtisadi əlaqələrin yenidən paylanmasına səbəb ola biləcək tranzit rolunun davamlı şəkildə gücləndirilməsi üçün platformadır. Makroiqtisadi baxımdan Vaşinqton razılaşmaları kapital axınına təkan verir və çoxölçülü effekt yaradır: liman və dəmiryolu infrastrukturlarının inkişafı tikinti materiallarına, xidmətlərə və əmək qüvvəsinə tələbatı artırır, bu isə daxili əlavə dəyəri xeyli yüksəldir. Bu, xüsusilə Azərbaycan üçün iqtisadiyyatın diversifikasiyasına imkan açır; ölkə yalnız xammal tədarükçüsü olmaqdan çıxaraq, əlavə logistika və tranzit xidmətləri operatoruna çevrilə bilər. Siyasi baxımdan iqtisadi dəyişikliklər "yumşaq güc"ün yenidən paylanmasına səbəb olur: layihələrin koordinasiyasını və prosedurların standartlaşdırılmasını üzərinə götürən ölkələr beynəlxalq investorlar və qonşular qarşısında etimad qazanır. Bu kontekstdə Azərbaycan enerji resurslarının mənbəyi olmaqla yanaşı, regional inteqrasiyanın koordinatoru kimi çıxış edir ki, bu da ona Ermənistan, Gürcüstan və xarici oyunçularla danışıqlarda asimmetrik təsir verir”. Vaşinqton səfəri, uzun müddət ərzində Bayden–Blinken administrasiyası, Makron, Avropa İttifaqı, Avropa Şurası və Avropa Parlamenti kimi mərkəzlər tərəfindən aparılan “Azərbaycanı güzəştlərə məcbur etmək” siyasətinin tam iflası oldu. Siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada təşkil olunan qarayaxma kampaniyasına, sanksiya hədələrinə baxmayaraq, prezident İlham Əliyev bir addım belə geri çəkilmədi.
İmzalanan sənədlər arasında prezident İlham Əliyevin və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”u da xüsusi qeyd olunmalıdır. Strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan və ABŞ enerji, nəqliyyat, ticarətdən tutmuş, süni intellekt, müdafiə sahəsində satışa qədər çoxsaylı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması, üçtərəfli görüşün nəticəsinə dair Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir. Təxminən 5 ilə yaxındır ki, Ermənistan məsələni yubatmağa, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə - Zəngəzur dəhlizinin açılmasına nail olur. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gedişə nail olur.Bu, həm də o deməkdir ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılıb. Azərbaycan prezidentinin liderliyi ilə formalaşan yeni Qafqaz reallığı beynəlxalq səviyyədə təqdir edilir. Prezident İlham Əliyevin Vaşinqton səfəri, “ExxonMobil”la əməkdaşlıq Azərbaycanı enerji təminatçısından regional güc mərkəzinə çevirmək istiqamətində mühüm addım kimi dəyərləndirilir. Bu, regionun inkişafına, sabitliyinə, beynəlxalq inteqrasiyasına böyük töhfə verəcək. Vaşinqton Bəyannaməsi isə sadəcə bir diplomatik sənəd deyil,bu, müharibədən sülhə keçidin beynəlxalq hüquq əsasında möhkəmləndirilməsinin nümunəsidir. Həmin sənəd həm də gələcək nəsillər üçün sülh, əməkdaşlıq və beynəlxalq hüquqa sadiqlik irsidir. Ümumiyyətlə qeyd edək ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə, kağız üzərindəki sadə diplomatik sənəd olmaqdan daha artıqdır. Bu sənəd Cənubi Qafqazın gələcək taleyinə yön verə biləcək siyasi yol xəritəsidir.
Ramil QULİYEV