AZ

Avqustda balıq yemək OLMAZ?

El arasında belə bir fikir var: Hansı ayın adında “r” hərfi yoxdursa, həmin ayda balıq yemək olmaz. Elə bu da 3 yay ayına təsadüf edir: İyun, iyul və avqust. Hazırda avqustdur və kifayət qədər yüksək tempratur müşahidə oluna bilir.

Bəs həqiqətən də isti havada balıq yemək olmaz?

Qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev Bizim.Media-ya açıqlamasında bildirib  ki, düzgün saxlanma və bişirmə şəraitində balıq məhsulları yayda da rahatlıqla və təhlükəsiz şəkildə istehlak edilə bilər.

“Balıq digər ət məhsullarına nisbətən daha tez xarab olan bir qidadır.
 

Bunun səbəbi onun tərkibindəki su və zülal miqdarının yüksək olması, həmçinin bəzi yağların oksidləşməyə daha həssas olmasıdır. Yayın isti havasında əgər balıq düzgün şəraitdə saxlanmasa, qısa müddətdə bakteriyaların çoxalması ilə qida zəhərlənməsinə səbəb ola bilər.


Bu səbəbdən insanlar haqlı olaraq yayda balıq yeməkdən çəkinirlər.

Əgər balıq məhsulu soyudulmuş və ya dondurulmuş şəkildə, 0-4°C temperatur arasında saxlanılıbsa və gigiyenik şəraitdə hazırlanıbsa, yayda da balıq yemək olar.

Heç bir qorxulu hal yoxdur. Balıq insan sağlamlığı üçün çox faydalıdır.

Omega-3 yağ turşuları, D vitamini, yüksək keyfiyyətli zülallar və minerallarla zəngindir”.

Ekspert isti havada balığın saxlanılma qaydalarıyla bağlı bir neçə məqamı vurğulayıb:
 

“Balıq mütləq şəkildə soyuducuda və ya buz üzərində saxlanmalıdır. Təzə balığın gözü parlaq, dərisi sürüşkən, qoxusu isə dəniz və ya yüngül duz iyi kimi olmalıdır.


Balığın ətində boşalma, gözündə bulanıqlıq və kəskin pis qoxu varsa, bu balıq artıq xarab olub.

Əgər dondurulmuş balıq alırsınızsa, onun dondurulma tarixini yoxlayın və bir neçə dəfə donu açılıbsa, bu da risklidir.

Balığın yaxşı bişirilməsi də onun təhlükəsizliyi üçün vacib şərtdir.

Yayda çiy və ya az bişmiş balıq yemək risklidir. Bu hal qida mənşəli infeksiyalara səbəb ola bilər. Bu səbəbdən balığı qızardaraq,  buxarda bişirirək yeyə bilərik”,-deyə Asim Vəliyev sonda qeyd edib.

Nəzrin Mirzəyeva Bizim.Media

Seçilən
31
2
bizim.media

3Mənbələr