AZ

Ələtdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcək - FOTO

Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib. Dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi və Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi layihələrinin ekoloji qiymətləndirilməsi həyata keçirilib.

Bu barədə Moderator.az-a agentlikdən məlumat verilib.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib ki, bu gün ictimai dinləmədə Bakı şəhəri və ətraf ərazilərdə, həmçinin  Ələt Azad İqtisadi Zonasında nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər planından irəli gələn layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir: “Bakı şəhəri və Abşeron yarımadasında tıxacların qarşısının alınması insanların rahat hərəkət etməsi üçün nəzərdə tutulan tədbirlərdən ən vacibi yol infrastrukturunun bütün normalara cavab verməsi, mövcud yolların genişləndirilməsi, yeni yolların salınması, eyni zamanda, alternativ üsulların tətbiqidir. Amma əsas məqsədimiz ondan ibarətdir ki, bu layihələrin icrası zamanı ətraf mühit normalarına maksimum diqqət yetirilsin. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və ya ziyanın minimum həddə çatdırılması üçün alternativ variantlar seçilsin. Həmçinin yolun çəkilişi zamanı mövcud olan torpaq qatının, ağacların və digər ətraf mühit komponentlərinin kompensasiyası layihədə öz əksini tapsın. Əgər bu gün 5-10 ağac layihə altına düşürsə, onlar yeri mərkəzi aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmiş əraziyə əkilsin. Həmin ağaclara aqrotexniki xidmət göstərilsin, onların tələf olmasının qarşısı alınsın”, - deyə M.Qənbərov bildirib.

Məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aparıcı mühəndisi Mehman Həsənov  bildirib ki, Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası layihəsinin əsas məqsədi Bilgəh, Nardaran istiqamətindən Pirşağı, Kürdəxanı, Fatmayı, Mehdiabad, Novxanı, Saray qəsəbələrini əhatə etməklə mövcud sıxlığı aradan qaldırmaq, yol infrastrukturunu təkmilləşdirmək və hərəkət təhlükəsizliyini artırmaqdır. Layihənin icrası zamanı ətraf mühitin qorunması üzrə bütün komponentlərə töhfəmiz olacaq.

Dinləmədə, həmçinin Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi məsələsi də müzakirə edilib. ADSEA-nın Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun sədr müavini Məmməd Əsədov məlumat verib ki, ərazidə tikilən karqo hava limanının tikintisi ilə əlaqədar çayın  məcarasının sözügedən zonadan kənarlaşdırılması nəzərdə tutulur: "Çayın məcrası 14 km  uzunluqda dəyişdiriləcək. Çay bolsulu olmasa da, yayda qurusa da, iqlim dəyişikliyi ilə bağlı ərazidə hər hansı sel-daşqın hadisələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulub".

Tədbirdə Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisinin də əhəmiyyətindən söz açılıb. Vurğulanıb ki, bu qovşaq Şimal–Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt–Astara marşrutu üzrə də xüsusi iqtisadi rol oynayır. Yeni qovşağın tikintisi ilə turizm, kənd təsərrüfatı və ümumilikdə ticarət canlanacaq, çünki liman və sərhəd bölgələrə çıxış daha əlçatan olacaq. Belə ki, bu qovşaq nəinki yol hərəkətini daha təhlükəsiz və effektiv edəcək, eyni zamanda Ələt–Astara yoluna qoşulan logistika dəhlizlərinin funksionallığını artıracaq, iqtisadi təsirləri gücləndirəcək, bütün istiqamətlərə çıxış imkanlarını yüksəldəcək. 

Layihələrin ətraf mühitə təsirləri qiymətləndiriləcək,  o cümlədən layihə altına düşən yaşıllıqların bir hissəsi köçürüləcək, köçürülməsi mümkün olmayanların isə bərpa dəyəri ödəniləcək.

Müzakirələr eskpertlərin təklifləri və jurnalistlərin sualları ilə davam etdirilib.

Seçilən
12
13
moderator.az

10Mənbələr