"Qərb ölkələri Ukraynaya yardım üçün Rusiyanın dondurulmuş milyardlarını müsadirə etməyə hazırlaşır..."
Ukrayna Rusiyaya məxsus dondurulmuş aktivlərin tam müsadirəsini tələb edir. Hazırda qitədə Kremlin 260 milyard avroluq vəsaiti dondurulmuş vəziyyətdədir.
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Artıq dörd ildir ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibə aparır. ABŞ prezidenti Donald Tramp bu problemi diplomatik yolla həll etməyə çalışsa da, Avropa Rusiyanın 260 milyard avrodan çox dondurulmuş aktivlərini əlində saxlayır ki, bu da onun əsas təzyiq vasitələrindən biridir.
"The Times" yazır ki, Brüssel bu aktivlərdən gələn faizləri Kiyevə yardım üçün istifadə edir. Lakin Ukrayna prezidenti Vladimir Zelenski və tərəfdarları aktivlərin tam müsadirəsini istəyir. Bu isə həm Avropada, həm də onun hüdudlarından kənarda mübahisələrə səbəb olub.
İlkin mərhələdə aktivlərin əsas hissəsi dövlət istiqrazlarından ibarət olub, indi isə daha çox nağd pul və ya qiymətli kağızlara yatırılmış vəsaitlərdir. Onlar müxtəlif Qərb yurisdiksiyalarında saxlanılır və bir neçə klirinq palatası tərəfindən idarə olunur.
Təxminən 300 milyard avronun böyük hissəsi Avropadadır. Onun 190 milyardı Belçikanın "Euroclear klirinq" palatasında, təxminən 20 milyardı isə Fransadakı rəqibi "Clearstream"dədir. Bu rəqəmlər sanksiya koalisiyasının dondurduğu təxminən 2 min rusiyalıya məxsus 70 milyard avroluq şəxsi aktivləri xeyli üstələyir.
Nəzəri olaraq aktivlərin saxlandığı hər bir ölkə onları müsadirə edib Ukrayna fondunda istifadə etmək qərarı verə bilər. Daha sonra bu vəsaitlər daha sərt investisiya strategiyaları ilə artırılaraq Kiyevə maliyyə dəstəyi göstərə bilər.
Belçika hazırda "Euroclear"-ın Rusiya aktivlərindən əldə etdiyi "gözlənilməz" mənfəətə ' faizlərə və dividendlərə 25 faizlik vergi tətbiq edir. Toplanan pullar Avropanın əsas Ukrayna yardım fonduna yönləndirilir. İndiyə qədər təxminən 1,5 milyard avro dəyərində üç tranş ödəniş həyata keçirilib.
Müsadirə riskləri və siyasi tərəddüdlər
Aktivlərin müsadirəsi həm hüquqi, həm də siyasi baxımdan mübahisəlidir. Bəzi Qərb dövlətləri hesab edir ki, onları indi istifadə etmək əvəzinə atəşkəs danışıqları və ya gələcəkdə Ukraynanın bərpası üçün saxlamalıdır. Digərləri, o cümlədən Avropa Mərkəzi Bankı, xəbərdarlıq edir ki, bu addım Avropanın etibarlı maliyyə mərkəzi imicinə zərbə vura və investorları çəkindirə bilər.
Böyük Britaniya may ayına olan məlumata görə, Rusiyanın 25 milyard funt sterlinq dəyərində aktivlərini dondurub. Buraya Mərkəzi Banka, Milli Rifah Fonduna və Rusiya Maliyyə Nazirliyinə məxsus vəsaitlər də daxildir. London istəsə, bu aktivləri müsadirə etmək üçün qanun qəbul edə bilər, lakin bu beynəlxalq hüququ poza bilər və ölkənin beynəlxalq nüfuzuna zərər vura bilər.
Avropa hökumətləri əlavə olaraq minlərlə şəxsi aktiv - dəbdəbəli yaxtalar, malikanələr, idman avtomobilləri müsadirə edib. Çox vaxt bu əmlak ailə üzvlərinin, etibarnamələrin və ya ofşor şirkətlərin adına qeydiyyatdan keçdiyi üçün mülkiyyət hüququnu sübut etmək çətinləşir.
Şəxsi aktivlərin həcmi dövlət aktivlərinə nisbətən kiçik olduğundan və müsadirə üçün birbaşa cinayət əlaqəsini sübut etmək lazım gəldiyindən, onlar müzakirələrdə ikinci planda qalır. Əks halda bu, mülkiyyət hüquqlarının pozulması hesab ediləcək və məhkəmələrdə uzun çəkişmələrə səbəb ola bilər.
Hazırda Avropa İttifaqı və ABŞ birlikdə təxminən 300 milyard dollarlıq Rusiya valyuta ehtiyatını dondurub. Bunun böyük hissəsi dövlət istiqrazları, bank depozitləri və müxtəlif valyutalarda saxlanılan hesablar şəklindədir. İyunun 28-də Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib ki, Fransa Rusiya aktivlərinin müsadirəsi üzrə nümunə yaradan ilk ölkə olmağa hazırlaşır.