AZ

Tramp Ukraynaya təhlükəsizlik zəmanəti verir - Amma bir şərtlə

Ukrayna və Avropa ölkələrinin liderləri ilə onlayn görüş zamanı ABŞ prezidenti Donald Tramp NATO çərçivəsində həyata keçirilməməsi şərti ilə Kiyevə təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Söhbət avqustun 13-də baş tutub və  Alyaskada Tramp-Vladimir Putin sammiti öncəsi mövqelərin əlaqələndirilməsinə həsr olunub.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Vaşinqton atəşkəs əldə edildikdən sonra Ukrayna üçün “çəkindirmə vasitələrinin” təmin edilməsində iştirak etməyi düşünür. Bununla belə, Tramp zəmanətlər dedikdə dəqiq nəyin nəzərdə tutulduğunu açıqlamayıb. Əvvəllər o, bəyan etmişdi ki, ABŞ Kiyevə birbaşa silah tədarük etməyəcək və Avropa dövlətləri artıq bağlanmış saziş çərçivəsində bu tədarükləri NATO vasitəsilə maliyyələşdirəcək.

Avropada hələ də Trampın təkliflərinin simvolik ola biləcəyi və Ukraynanı uzunmüddətli müdafiə ilə təmin edə bilməyəcəyi ilə bağlı narahatlıqlar var. “Politico” yazır ki, Avropa liderləri təminatların zəruriliyini dəstəkləyib, lakin vurğulayıblar ki, Ukrayna öz ərazisində istənilən danışıqlarda iştirak etməlidir. Onlar sərhədlərə güc tətbiq etməklə istənilən dəyişikliyi qəbuledilməz hesab edirlər.

Fransa prezidenti Emmanuel Makron ərazi strukturu ilə bağlı danışıqlarda yalnız Ukraynanın tərəf olması lazım olduğunu, onun iştirakı olmadan nə Rusiya, nə də Qərbin belə qərarlar qəbul etməsinə icazə verilmədiyini vurğulayıb.

Tramp bundan əvvəl mümkün sülh razılaşmasının bir hissəsi kimi Ukrayna və Rusiya arasında ərazi mübadiləsini nəzərdən keçirdiyini bildirib. Onun planına görə, məsələ əvvəlcə Putinlə müzakirə olunacaq və ortaq fikirlər yaranarsa, Avropa liderləri və Vladimir Zelenski danışıqlara cəlb olunacaq. Bununla belə, Ukrayna istənilən ərazi güzəştlərini rədd edir.

Eyni zamanda Tramp həmçinin xəbərdarlıq edib ki, Putin döyüşləri dayandırmağa hazır olmasa, Rusiya "ciddi nəticələrlə" üzləşəcək. Alyaskadakı görüş konstruktiv keçərsə, Amerika lideri Ukrayna ilə ayrıca üçtərəfli görüşün mümkünlüyünü istisna etmir.

Gülayə Mecid 

Seçilən
93
50
unikal.az

10Mənbələr