Macarıstan futbol ictimaiyyəti "Ferentsvaroş"un UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmasına münasibət bildirib.
Hafta.az Macarıstan mediasına istinadən xəbər verir ki, macarlar Azərbaycan çempionundan çəkinirlər. "Ferentsvaroş" son yeddi mövsümdə Macarıstan çempionu olmasına baxmayaraq, "Qarabağ"a rəqib olmasına sevinmir.
"Komandamız sonuncu dəfə 2020/21 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Lakin həmin vaxt koronavirus pandemiyası səbəbindən oyunlar boş tribunalar önündə keçirilib. "Ferentsvaroş"un yeni reqlamentdə ilk dəfə Liqa mərhələsində yer almaq üçün bir maneəsi qalıb. Ancaq bu komanda kifayət qədər zəngin təcrübəyə malik "Qarabağ"dır. Azərbaycan klubu ilə yaxın dönəmlərdə bu turnirdə qarşılaşmış və məğlub olmuşuq".
Macarlar "Ferentsvaroş"un Avropa Liqasına düşməsini də faciə hesab etməyəcəklər.
"Nəzərə alaq ki, önümüzdəki rəqib "Qarabağ"dır. Yəni onlara məğlubiyyəti fiasko adlandırmaq doğru olmaz. Avropa Liqasının Liqa mərhələsində iştirak da "Ferentsvaroş" üçün maraqlı təcrübə olar".
Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk oyun avqustun 19-da Budapeştdə, cavab görüşü isə avqustun 27-də Bakıda keçiriləcək.