BAKI, 14 avqust. TELEQRAF
Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agroterm” MMC və “Green Tree” MMC nizamnamə kapitalının azaldıldığını elan edib.
Teleqraf xəbər verir ki, “Agroterm” MMC nizamnamə kapitalını 2 100 000 manat məbləğində azaldaraq 20 milyon 262 min 455 manat səviyyəsinə endirib.
Xatırladaq ki, “Agroterm” MMC 2017-ci il aprelin 14-də dövlət qeydiyyatına alınıb və Azərbaycanın ən iri pomidor istehsalçısı və ixracatçılarından biri hesab olunur. Şirkətin hazırkı qanuni təmsilçisi İsmayılov Teymur Nazim oğludur.
T. İsmayılovun rəhbərlik etdiyi digər şirkət – “Green Tree” MMC də kapital azaldılması barədə qərar qəbul edib. Şirkətin nizamnamə kapitalı 822 500 manat azaldılaraq 5 milyon 325 min 104 manat olaraq müəyyən edilib.
“Green Tree” MMC 2017-ci ilin iyul ayında qeydiyyatdan keçib.