Bakı, 14 avqust, AZƏRTAC
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş” təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Xatırladaq ki, Sazişi cari il iyulun 2-də Bakı şəhərində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov mübadilə ediblər.