AZ

Azərbaycanda fabrik açmağı planlayan şirkətin rəhbəri: "Satışımızın 50 faizi Qarabağda olacaq"

BAKI, 14 avqust. TELEQRAF

Türkiyə Səfirliyi Media müşavirliyinin təşəbbüsü, “SERANİT” şirkətinin təşkilatçılığı ilə Azərbaycanlı media nümayəndələri Türkiyənin tanınmış Seranit şirkətinin Biləcikdəki zavoduna səfər ediblər.

Mediatur “Seranit ilə ilham verən bir kəşf” proqramı çərçivəsində baş tutub.

Teleqraf xəbər verir ki, Seranit-in ev sahibliyi ilə gerçəkləşən səfər zamanı Bilecikdəki istehsal müəssisələri ziyarət olunub, şirkətin Ar-Ge gücü, yüksək texnologiyalı istehsal infrastrukturu və innovativ məhsulları yerində incələnib. İstanbulda keçirilən xüsusi mədəniyyət proqramı ilə isə iştirakçılara Türkiyənin tarixi və memarlıq irsi tanıdılıb.

Ziyarətin ən önəmli məqamlarından biri Seranit İdarə Heyətinin üzvü və baş direktoru Fatih Kıvanç ilə keçirilən xüsusi görüş olub.

F.Kıvanç Seranit-in həm Türkiyədə, həm də Azərbaycanda həyata keçirdiyi investisiya və sosial töhfə layihələri haqqında məlumat verib: “Azərbaycan bizim üçün yalnız ixracat bazarı deyil, eyni zamanda birlikdə inkişaf etməyi hədəflədiyimiz strateji bir qardaş ölkədir. 2023-cü ilin sonunda təsis etdiyimiz Seranit Azərbaycan MMC, Bakıda yerləşən 4000 kvadrat metrlik mağazası və logistika infrastrukturu ilə həm memarlara, həm də istehlakçılara keyfiyyətli xidmət göstərir.

İndiyədək 100-ə yaxın memar və memarlıq fakültəsi tələbəsinə təlimlər keçmiş, emalatxanalar təşkil etmişik. 750 nəfərin qatıldığı memarlıq panelimizlə sektorda bilik mübadiləsinə töhfə vermişik. Tətbiqat ustalarına yönəlik texniki təlimlərlə isə sahədə iş keyfiyyətini artırmağı davam etdiririk. Eyni zamanda mədəniyyət turları və akademik əməkdaşlıqlarla Türkiyə-Azərbaycan münasibətlərinə sosial bir ölçü də qatırıq”.

Fatih Kıvanç həmçinin Kristal Abşeron, PMD, GM Construction və Uniko kimi Azərbaycanın aparıcı tikinti şirkətləri ilə qurulan əməkdaşlıqların əhəmiyyətinə toxunaraq, Qarabağın yenidən qurulmasında Seranit məhsullarına üstünlük verilməsindən məmnunluq duyduqlarını vurğulayıb.

Fatih Kıvanc Bakı haqqında təəssüratlarını da bölüşüb: "Ulu Öndər Heydər Əliyevin çox gözəl bir sözü var: “Tək millət, iki dövlət”. Biz bunu hər dəfə Bakıya səfərimizdə canlı şəkildə hiss edirik. İlk xarici mağazamızı da Bakıda açdıq. Məqsədimiz Azərbaycanda daimi fəaliyyət göstərməkdir. Azərbaycana səfər edərkən ailəmlə Şamaxıya, Qəbələyə də getdik. Qarabağa da səfər etməyi planlaşdırırıq".

Fatih Kıvanc Seranit şirkətinin 1992-ci ildə fəaliyyətə başladığını vurğulayıb: "Artıq 33 ildir ki, fəaliyyət göstəririk. İlk vaxtlar kiçik - 700-800 kavdart metr istehsal gücü ilə işə başlamışdıq, bu gün isə 14-15 milyon kvadtar metr istehsal gücünə çatmışıq. İnanaraq işləmək lazımdır. Enişli-yoxuşlu yollarımız çox olub, amma istehsal gücümüzü 14-15 dəfə artırmışıq. Birinci fabrikimiz Bilecikdə, ikinci fabrikimiz Eskişehirdə yerləşir. Xarici ölkələrdə də sərmayələrimiz var, lakin fabriklərimiz yoxdur.

İlk xarici ölkə kimi fabrikimizi qardaş Azərbaycanda açmağı planlaşdırırıq. Niyə də olmasın? Seranit olaraq hazırda 45 xarici ölkədə fəaliyyət göstəririk. 15 ölkədə mağazalarımız var. Almaniyada və Amerikada da ofislərimiz mövcuddur. Azərbaycandakı nəticələrimiz gözləntilərimizi də üstələdi. Biz bir addım atanda, tərəfdaşlarımız iki addım atdı. Bu bizi çox sevindirir. Xüsusilə, işin ilk mərhələsində layihə mərkəzlərimizdə irəliləyirdiksə, hazırda yalnız layihələrdə deyil, pərakəndə satış sahəsində də yaxşı nəticələr əldə edirik. Pərakəndə ilə yanaşı distribütor və korporativ satış kanallarımız da var. İstehsal və maliyyə baxımından hər il 20-30 faiz arasında artım əldə edirik. Azərbaycanda isə bu göstərici daha böyükdür. Məhsullarımızdan Qarabağda otellərdə və iş mərkəzlərində istifadə olunub. Hətta Prezident İlham Əliyev həmin otelin açılışında da iştirak edib.

Hazırda Qarabağda dövlət sərmayələri davam edir. Bundan əlavə, özəl şirkətlər də orada sərmayə yatırmağa başlayıblar. Biz əsasən dövlət layihələri vasitəsilə Qarabağa məhsul göndəririk. Bununla yanaşı, otel və iş mərkəzi kimi kommersiya obyektlərinə də məhsul satırıq.

Yeni layihələrimiz gündəmdədir. Qardaş ölkənin işğaldan azad edilən ərazilərinin bərpasına töhfə vermək bizim üçün ciddi olduğu qədər, həm də qürurvericidir".

Seranit-in baş direktoru şirkətin məhsullarının keyfiyyətindən də danışıb: "Ən böyük üstünlüyümüz keyfiyyətdir, ikinci dizaynımız, üçüncüsü isə keramika sahəsində hər zaman öndə olmağımızdır. Məhsul və innovasiya baxımından həmişə bir addım öndə dayanmışıq. Aquanit adlandırılan məhsulumuz dünyada yeganədir. Bu, çox orijinal bir innovasiyadır".



F. Kıvanc deyib ki, Sinpaş Holdinq-ə daxil olan “Vanucci” şirkətinin təmsilçiləri ilə Gəncədə yerləşən Daşkəsən dəmir filizi mədənlərinə baş çəkib: "Hazırda Rusiya, Gürcüstan, Türk dövlətlərinə doğru fəaliyyət istiqamətlərimizi məhz Azərbaycan üzərindən genişləndiririk. Qardaş ölkəni mərkəzimizə çevirərək, orada daha hansı layihələri həyata keçirəcəyimizi düşünürük. Şirkətin ilk xarici mağazası məhz Bakıda açılıb. Yaxın zamanda Bakıda ikinci və üçüncü mağazalarımızı görəcəksiniz".

F. Kıvanc onu da əlavə edib ki, keyfiyyətli məhsulun istehsalı baxımından İtaliya və İspaniya ilə rəqabət aparırlar: "Seranit keyfiyyətə böyük önəm verir. Bizim məhsullarımız elə möhkəm və davamlıdır ki, bəlkə 50 il də istifadə edə biləcəksiniz. İstehsal prosesində, insan əməyinə ehtiyac olmayan mərhələlərdə süni intellekt və robot texnologiyalarından istifadə edirik".

F.Kıvanc bu sahənin inkişafı üçün Azərbaycanda universitetlərlə işbirliyi quracaqlarını açıqlayıb: "Universitetlərlə əməkdaşlıq etməyi planlaşdırırıq. Ən çox əlaqədə olduğumuz peşə qrupları mühəndis və memarlardır. Şəxsi arzum isə öz məktəbimizin olmasıdır. Bununla yanaşı azərbaycanlı tələbələrə staj keçirik və burs veririk. Təxminən 25-30 tələbəyə burs veririk".

"Seranit-Azərbaycan"ın rəhbəri Ufuk Polat Qarabağda gerçəkləşdirdikləri layihədən söz açıb: "Qarabağda iki mühüm layihəni tamamladıq, biri otel, digəri isə Xankəndindəki iş mərkəzidir. Bu əməkdaşlığın davamı olaraq bizə başqa layihələr də təklif edilib. Şuşada yeni bir otel üçün məhsul tədarükünə başlamışıq.

Bundan əlavə, Gəncə və digər bölgələrdə də satışa start verdik. Qarabağın potensialı çox yüksəkdir. Buna görə də görünür ki, yaxın günlərdə layihə satışlarımızın 50%-i Qarabağ bölgəsində olacaq. Bizim məhsullarımızın davamlılıq göstəricisi çox yüksəkdir - uzun illər ilkin keyfiyyəti ilə qalır".



U. Polat onu da qeyd edib ki, hazırda dünyada 40-dan çox ölkədə 200-ə yaxın satış məntəqələri fəaliyyət göstərir: "Bundan əlavə, Azərbaycanda həm şirkətimiz, həm də logistika mərkəzimiz mövcuddur. Buradan həm pərakəndə satışa, həm də böyük layihələrə məhsul təqdim edirik.

Bizim əsas hədəf bazarımız Avropa ölkələridir, Türkiyədən kənarda, xüsusilə, Almaniya, İngiltərə, Hollandiya və Belçika kimi ölkələrdə tanınma səviyyəmiz yüksəkdir və oradakı satış potensialımız güclüdür. Bununla yanaşı, Azərbaycan, Rusiya, Özbəkistan və digər bir çox ölkələrdə də fəaliyyətimizi getdikcə genişləndirməyi düşünürük. Gəncədə fəaliyyət göstərmək planımız var, lakin hələ ilkin araşdırma mərhələsindəyik. Uyğun şərait olarsa, niyə də olmasın? Bakıda isə bir neçə mağaza açmaq gündəmdədir. Bakıda layihələri tamamladıqdan sonra digər şəhərlərdə də fəaliyyətə başlamağı nəzərdə tuturuq".

U. Polatın sözlərinə görə, şirkət dünyadakı trendləri izləyərək fəaliyyətə başlayıb və qısa müddətdə trendləri müəyyənləşdirən bir müəsissəyə çevrilib: "Öz dizayn mərkəzlərimiz və 10-dan çox mühəndisimiz var. Artıq məhsullarımızın dizaynını tamamilə öz komandamız həyata keçirir. Əvvəllər dizaynların böyük hissəsini xaricdən alırdıq, lakin indi bu prosesləri daxildə idarə edə bilirik. Hazırladığımız məhsullar daha uğurlu şəkildə satılır. Bu səbəbdən müştərilərimizin tələblərini hər zaman ön planda tuturuq.

Keyfiyyətə nəzarət prosesimiz isə bir çox şirkətə nisbətən daha sərt standartlarla aparılır. Gözlə görə bilmədiyimiz qüsurları belə aşkarlaya bilən xüsusi avadanlıqlar aldıq. Bizim baxışla ayırd edə bilməyəcəyimiz detalları bu avadanlıq müəyyənləşdirir. Məhsullarımızın keyfiyyəti çox yüksəkdir. Bu, bizim üçün ən vacib amildir, çünki alıcını cəlb etmək üçün ən böyük üstünlüyümüz məhsulumuzun keyfiyyətidir. Məhsullarımızın ömrü onilliklərlə ölçülür. Bunun nəticəsidir ki, mal satdığımız müştərilər davamlı olaraq bizə qayıdır, satdığımız malların keyfiyyətinə bağlı hər hansı irad almırıq.

Qətərdə futbol oynanılacaq stadionların tualet-hamamları, hərəkətli hissələri bizim məhsullarla örtülüb. Onlar alınacaq məhsula 10 illik zəmanət istəmişdilər, bunu yalnız biz verdik. Təsəvvür edin, qum fırtınalarının adi hal olduğu, bir gündə on minlərlə insanın ayaqladığı yerə məhsul verib, ona 10 illik zəmanət təqdim etmək nə deməkdir. Bunu dünyada yalnız biz etdik. Türkiyədə metrolarda, alış-veriş mərkəzlərində, hava limanlarında, o cümlədən Atatürk və Sabiha Gökçen hava limanlarında, eləcə də dünyanın bir çox ölkələrində yerləşən hava limanlarında məhsullarımızdan istifadə olunur.

Bunun əsas səbəbi məhsullarımızın çox yüksək müqavimətə malik olmasıdır. Yüz minlərlə insanın hər gün istifadə etdiyi və nəqliyyat vasitələrinin keçdiyi yerlərdə belə məhsullarımız ilk gündəki xüsusiyyətlərini qoruyur. Bu, istehlakçılarda böyük bir etibar yaradır: “Əgər keramika alıramsa, bu işə Seranit ilə girməliyəm” deyə düşünürlər.

Hazırda satışlarımızın əsas bazarı Türkiyədir, lakin ümumi dövriyyənin 25%-i xarici bazarlardan gəlir. Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirməyi nəzərdə tuturuq. Bizim bir nömrəli hədəf auditoriyamız memarlardır. Türkiyədə və Avropanın bir çox ölkəsində memarlar bizi yaxşı tanıyırlar. Bu tanışlıq yatırımlarımız və qurduğumuz peşəkar əlaqələr nəticəsində formalaşıb. Türkiyədə və Bakıda Memarlarla Əlaqə Departmanımız fəaliyyət göstərir.

Dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan memarları mütəmadi olaraq fabriklərimizə dəvət edirik, onlara məhsullarımızı təqdim edirik və bu şəkildə qarşılıqlı bilik və əməkdaşlığı gücləndiririk".

U. Polat əlavə edib ki, Türkiyədə mövcud olan yüksək inflyasiya Sernait-in də fəaliyyətinə təsir edib: “Bu, elə bir prosesdir ki, hamıya təsiri var. Biz müştərini fəaliyyətimizin mərkəzinə qoyduq. Buna görə də, inflyasiyadan irəli gələn mənfi təsirləri müştərilərimizə əks etdirməməyə çalışdıq və onlara verdiyimiz sözü yerinə yetirməyi üstün tutduq. Elə oldu ki, müştəriyə bir qiymətə mal vəd etdik, qısa müddətdə onun maya dəyəri artdı, amma biz onu vəd etdiyimiz qiymətə təhvil verməyi üstün tutduq, nəinki qiyməti qaldırmağı.

Seranit nə söz verdiysə, onu yerinə yetirər. Qiymətlərin artdığı dövrlərdə zərərə uğramağımızı müzakirə etdiyimiz hallar oldu, amma verdiyimiz sözü mütləq yerinə yetiririk. Buna görə də “inflyasiya bizə təsir etmədi” deyə bilmərəm, müəyyən təsiri oldu. Amma çox şükür ki, bu təsir düşündüyümüz qədər böyük olmadı. Şirkətimizə ən çox tələbat Avropa ölkələrindən, xüsusilə Almaniyadan gəlir. Biz Sibaş Holdinqə məxsus bir şirkətik və holdinqin Avropada, xüsusilə Almaniyada böyük yatırımları mövcuddur. Bu səbəbdən orada satışlarımız daha sürətli şəkildə artır".

Seranit-in Biləcikdəki zavodunun direktoru Ercan Çəlik deyib ki, müəsissənin ilkin mərhələdə istehsal gücü ildə 1 milyon kvadrat
metr olub, daha sonra bu göstərici 7 milyon kvadrat metrə çatdırılıb: "Seranit şirkəti Türkiyənin ilk porselen seranit istehsal edən fabrikasıdır. İlk vaxtlar istehsal 33x33 ölçülü keramika kafel-metlaxlarla başlayıb, daha sonra 60x60, 60x120, 90x90, 90x135-ə qədər çatdırılıb.

İki fabrikimiz var. İlk dəfə fabrikimiz Biləcikdə qurulub. 2010-cu ildə isə Eskişehrdə - İnönüdə ikinci müəssisə açılıb. Orada divar və yer örtüyü istehsal olunur. Onun da istehsal gücü 7 milyon m²-ə bərabərdir. Şirkətimizin ümumi istehsal gücü hazırda 14 milyon m²-dir".

Ercan Çəlik deyib ki, şirkət keyfiyyətli məhsullar əldə etmək üçün xammalı və gili Ukraynadan alır: "Dünyada ən keyfiyyətli gil Ukraynadadır. Ukrayna müharibəsi başlayanda ilyarım müddətində xammal təchizatında müəyyən çətinliklərimiz oldu, amma sonradan onları aradan qaldıra bildik. Keyfiyyətli məhsul istehsal etmək üçün mütləq keyfiyyətli xammal və materiallardan istifadə etmək lazımdır. Bundan başqa, İstanbul bölgəsindən də gilimiz var. Türkiyənin müxtəlif bölgələrindən istifadə etdiyimiz digər xammaddələrimiz də mövcuddur. Hər iki fabrikdə keyfiyyətə önəm verərək, seçilmiş xammaddələrdən istifadə edir və yüksək keyfiyyətli məhsullar istehsal edirik. İstifadə etdiyimiz xammaddələr və istehsal üsulumuz bizi digər firmalardan fərqləndirib. Məsələn, bizim sıxma avadanlığımızdan Türkiyədə heç bir müəssisədə yoxdur. Yalnız İtaliyada mövcuddur".

E.Çəlik əlavə edib ki, "dizaynerlərimizi universiteti bitirdikdən sonra İtaliyadakı dizayn mərkəzlərinə və bu sahədə fəaliyyət göstərən şirkətlərə göndərərək dəstəkləyirik. Onların inkişafına töhfə vermək üçün ildə bir-iki dəfə beynəlxalq sərgilərə və ixtisaslaşmış şirkətlərin laboratoriyalarına ezam edərək biliklərini artırmalarına, həmçinin baxış bucaqlarını genişləndirmələrinə çalışırıq".

Seranit şirkətinin Keyfiyyət müdiri Ayşə Gülhan Koyuncu isə deyib ki, müəssisədə xüsusi cihazlar mövcuddur: "Böyük bir şirkətə çevrilmişik və Türkiyədə geri qazanım (təkrar emal) faizi ən yüksək olan firmalardan biriyik. Ətraf mühitə ən az tullantı atırıq. İstehsalat prosesində yaranan tullantıların müəyyən qismini yenidən istehsalata qaytarırıq. Eyni zamanda, tullantı suların təmizlənməsi üçün xüsusi qurğularımız var. Təmizlədiyimiz suyu istehsalda təkrar istifadə edirik. Bizim heç bir axıntımız yoxdur və ətraf mühiti çirkləndirmirik. Yalnız istehsalda deyil, hər sahədə nümunəvi şirkət olmağa çalışırıq".

Seçilən
0
teleqraf.com

1Mənbələr