Bu sözləri mövzunu Olaylar.az-a şərh edərkən Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçinin sözlərinə görə, şübhəsiz ki, milli adların verilməsi vacib məsələdir. Lakin bundan da önəmlisi dil məsələsi, yəni ana dilində təhsil haqqıdır: "Təəssüf ki, bu sahədə ciddi irəliləyiş müşahidə etmirik. Əksinə, verilən bu tip göstərişlər epizodik xarakter daşıyır, strateji əhəmiyyət kəsb etmir və ana dilində təhsil məsələsi ilə müqayisədə olduqca kiçik miqyaslıdır. Bu addımlar, daha çox daxili auditoriyanı sakitləşdirmək və siyasi reytinq toplamaq məqsədi güdür. Ona görə də bunu İran hakimiyyətinin və prezidentinin Azərbaycan türklərinin təməl hüquqlarının qorunması istiqamətində fundamental və ya inqilabi addımı kimi qiymətləndirmək mümkün deyil. Ad məsələsi milli şüurun formalaşmasında mühüm olsa da, ən vacib amil ana dilində təhsil və milli-mənəvi dəyərlərin yaşadılmasıdır".
"Bugünkü reallıqda isə biz İranda bu dəyərlərin daha çox qadağan olunduğunu görürük. Hətta bu istiqamətdə mübarizə aparan milli fəalların edam olunmasına qədər gedib çıxan sərt siyasət mövcuddur. Yəni, bu istiqamətdə ciddi yumşalmanın olmasından danışmaq əsassızdır," - deyə siyasi şərhçi qeyd edib.
Sevda Dəniz