AZ

Naxçıvanda 4 yeni AzPOS stansiyası quraşdırılıb

BAKI, 14 avqust. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən istinad stansiyaları olan AzPOS (Azerbaijan Positioning Observation System-ing) informasiya sistemini kadastr-ölçü işlərində tətbiq edir.

Əmlak Məslələri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, ölkə ərazisində AzPOS şəbəkəsinin tam şəkildə əhatə etməsi məqsədilə bu il Naxçıvan MR ərazisində 4 ədəd yeni AzPOS məntəqəsi quraşdırılıb.

Bununla yanaşı 2010-cu ildən qurulmuş və istifadə müddətini başa vurmuş 37 AzPOS məntəqəsinin yenilənməsi işləri həyata keçirilib. Belə ki, 37 məntəqəyə aid bütün avadanlıqlar yenilənib və əlavə olaraq informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi qurğular quraşdırılıb, müasir dövrdə texniki tələblərə cavab verməyən DSL şəbəkə qoşulmalarının hamısı optik xətlə əvəz olunub. Beləliklə, hazırda texniki olaraq tam şəkildə yenilənmiş 49 stansiya ölkə ərazisində fasiləsiz fəaliyyət göstərməkdədir və bu stansiyalar vahid sistem olaraq bir mərkəzdən idarə edilir. Stansiyaların istifadə radiusu 30 km, əlaqə məsafəsi 70 km-ə qədərdir.

Qeyd edək ki, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 8 stansiya quraşdırılaraq idarəetmə mərkəzinə qoşulub.

Sistem vasitəsilə çöl-ölçmə işləri aparmaq istəyən şirkətlərə, avtomobil və dəmir yolları, su və kanalizasiya, neft-qaz kəmərlərinin çəkilişi ilə məşğul olan qurumlara kadastr xidmətləri göstərilir. Binaların tikintisi zamanı dəqiq koordinatların verilməsi üçün, faydalı qazıntıların çıxarılması zamanı, xətti obyektlərin, su anbarlarının, eləcə də seysmik dəyişikliklərə məruz qalan ərazilərin hərəkətinin monitorinqlərində də sistemdən istifadə etmək mümkündür. Bundan başqa, aqrotexniki vasitələrə quraşdırılan monitorlara AzPOS vasitəsilə ötürülən informasiya ilə məhsul yığımı, bitkilərin becərilməsi və bir sıra digər proseslər daha sistemli və səmərəli olur.

AzPOS xidmətlərindən istifadə edərək ölkə daxilində görülən bütün ölçmə işləri eyni sistemdə və formatda yerinə yetirilir.

Seçilən
16
3
teleqraf.com

4Mənbələr