AZ

Sensasiya: Nəcməddin Sadıqov buna görə vəzifədən azad edilib – “Demək istəməzdim, lakin…”

“Middle East Eye”nin türkiyəli siyasi yazarı Ragıp Soylunun məqaləsi ətrafında müzakirələr davam edir. Belə ki, o, 2020-ci ildə Qarabağda döyüşlər gedərkən Azərbaycanın sabiq baş qərargah rəisi Nəcməddin Sadıqovun vəzifəsindən azad olunduğunu, Türkiyəyə aparılıb dindirildiyini iddia edib.

Nəcməddin Sadıqovla bağlı iddia niyə indi ortaya atıldı? General həbs ediləcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Elçin Alıoğlu deyib ki, Nəcməddin Sadıqovla bağlı yazını yayan “Middle East Eye” saytı Böyük Britaniyada qeydiyyatdan keçib:

“Bu sayt formal olaraq kağız üzərində Camal Qisassoya məxsusdur. Baş redaktoru isə “The Guardian” qəzetinin sabiq şərhçisi David Hearstdir. Onlar qətiyyətlə deyirlər ki, biz müstəqilik baxımından heç kəsdən asılı deyilik, amma reallıq tam başqadır. Bu sayt bir sıra dövlətlər və təşkilatlar tərəfindən gizli şəkildə maliyyələşdirilir.

Nəcməddin Sadıqovla bağlı xəbəri yazan Ragıp Soyludur. Bu şəxs saytla əməkdaşlıq edir. Daha doğrusu, saytın Türkiyə bürosunun şefidir. Özü də Ankarada oturur. Əvvəllər Türkiyənin ATV kanalında işləyib, daha sonra isə “Yeni Sabah”da çalışıb.

N.Sadıqov həm Birinci, həm də İkinci Qarabağ müharibəsində öz göstəriş və əmrləri ilə yadda qaldı. Onun idarəetmə sistemi, valentarist taktiki uğurlara hesablanan bir stili olub. Strateji düşüncəsi çox zəifdir. Azərbaycan Ordusunun hərbi-texniki təminatı, tədarükü, arxa cəbhənin təşkili, maddi-texniki bazanın formalaşması, ən müasir silah, hərbi texnika vasitələri və avadanlıqların təminatı məsələsində N.Sadıqov birmənalı olaraq Rusiya ilə əməkdaşlığa üstünlük verib.

elcin

Elçin Alıoğlu

Bunun təfərrüatlarını açıqlamaq istəməzdim, çünki burada dövlət və hərbi sirr məsələləri var. Fəqət 44 günlük Vətən müharibəsi başlayandan az sonra N.Sadıqov idarəetmədən uzaqlaşdırıldı. Burada məsələ onun hansısa dövlətə, ya da təşkilata meyilli olması deyildi, idarəetmədə yol verdiyi kobud səhvlər idi. O, məhz buna görə vəzifədən uzaqlaşdırıldı. Daha sonra haqqında iddialar yayılmağa başladı. Hələlik bu, iddia olaraq qalır, çünki Azərbaycan Respublikasının qanunvericiliyinə görə, məhkəmə qərarı və hökm olmadan kimsə haqqında nə isə demək doğru deyil. Fəqət onun haqqında verdiyi qərarlar barədə araşdırmalar gedir. İstənilən halda onun haqqında qərarı KİV, ekspertlər, analitiklər yox, müvafiq qurumlar verməlidir.

N.Sadıqov cəmiyyətdə birmənalı qarşılanmır. Həm ekspertlər, həm analitiklər onu vəzifədən olarkən verdiyi qərarların yanlış və kobud olduğunu vurğulayırlar. Ona görə də bu qərarlarla bağlı müvafiq dəyərləndirmələr olacaq”.

Hərbi ekspert Üzeyir Cəfərov isə deyib ki, Nəcməddin Sadıqovla bağlı yayılan iddia çox da inandırıcı görünmür:

“Əvvəla, Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Hərbi Prokurorluq, Baş Prokurorluq var. Yəni bu qədər qurum var ikən N.Sadıqov niyə məhz Türkiyəyə aparılsın? Türkiyəyə aparılıbsa, bunun anlamı nədir?

“Middle East Eye”nin iddiasında bir cümlə diqqətimi çəkdi. Həmin cümləni oxuyanda yazının üzərindən çarpaz xətt çəkmək istədim. Qeyd edilir ki, N.Sadıqov Türkiyədə dindirildikdən sonra Rusiyaya deportasiya edilib. Bu cümlənin özü artıq məlumatın qeyri-ciddiliyindən xəbər verir. Mən şəxsən müharibə aparan ölkədən Türkiyə vasitəsilə Rusiyaya deportasiya edilməlidir? Ümumiyyətlə, “deportasiya edilmək” ifadəsini mən anlamadım. N.Sadıqov Azərbaycandadır. Mən onu hələ mayor vaxtlarından tanıyıram. Onda Müdafiə Nazirliyinin qəzetində baş redaktor idim, o isə cavan mayor kimi gəlmişdi. Müdafiə nazirinin yanında çıxandan sonra gəldi, bizim Baş Qərargahın olduğu binada, beşinci mərtəbədə, kitabxanada ona polkovnik leytenant rütbəsi verilmişdi. O rütbələri alanda biz salamlaşdıq, ilk tanışlığımız ordan başladı. Sonra onun karyerası sürətlə Ağdərədə, Tərtər istiqamətində yüksəldi”.

uzeyir

Üzeyir Cəfərov

Ü.Cəfərov qeyd edib ki, sabiq baş qərargah rəisi mətbuatı sevmir:

“Mətbuata açıq biri deyil və təbiətən sərt xarakterli olduğu üçün kobud ifadələr işlətməyə meyllidir. Mənim onunla müxtəlif konfliktlərim olub. Ö Hətta bir ara Səfər Əbiyev ABŞ-da səfərdə olanda o məni həbs etdirmişdi, öz dostu, sabiq hərbi komissar səbəbilə. Onda mən həmin hərbi komissarla bağlı “Üç nöqtə” qəzetində tənqidi yazı yazmışdım. O vaxt hərbi komissarlıqlar Nəcməddin Sadıqova tabe idilər. O, məni həbs elədi. Düzdür, mən nazirə məruzə etdim və həbs qərarı icra olunmadı.

Ümumiyyətlə, N.Sadıqova birmənalı yanaşma yoxdur. Bu şəxsin mənə nə yaxşılığı, nə də pisliyi dəyib. Amma xidməti münasibətlərimiz olub. 20 ildən artıq ordunun Baş Qərargahı olub. Zaman-zaman müxtəlif təlimlərdə, iclaslarda üz-üzə gəlmişik, aramızda söz dueli də olub”.

Ekspert bildirib ki, Nəcməddin Sadıqovun haqqında yayılan iddialara cavab verməsi mümkündür:

“Bu gün Azərbaycanda çox çirkin mübarizə üsulları var. Adi insanlar arasında yox, nazirlər, generallar, məmurlar arasında daha çox müşahidə edilir. Tutaq ki, indiki müdafiə nazirini hədəf gətirmək üçün hansısa köhnə məsələ gündəmə gətirilir, onun kimlərləsə təmasları qabardılır.

Baxın, N.Sadıqovla bağlı məlumatlar Türkiyə mediasında yayılıb. Sadıqovun keçmiş ordu mənsubu olması səbəbi ilə məsələ şişirdilir. Mən bunun təxminən kim və kimlər tərəfindən gündəmə gəldiyini bilirəm. O ki qaldı Sadıqovun Rusiyaya bağlılığına, bu heç kəsə sirr deyil. O, baş qərargah rəisi kimi Rusiyaya tez-tez səfər edib. Amma onun konkret Rusiyadan təlimat alması ilə bağlı dəqiq nə isə deyə bilmərəm”.

Seçilən
11
4
turkustan.az

5Mənbələr