Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında hazırda 188 benefisiar təlimlər vasitəsilə istedad və bacarıqlarını təkmilləşdirir.
Qaziler.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Onlardan 153 nəfəri əlilliyi olan şəxslər, 16 nəfəri şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların ailə üzvləri, 9 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, 10 nəfəri aztəminatlı ailələrin üzvləridir.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə həssas qruplara aid şəxslərin yaradıcı potensialının, bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.
2021-ci ilin oktyabr ayında açılışı olan, Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan Mərkəzin İsmayıllı və Bərdədə filialları da fəaliyyət göstərir.
Mərkəz və filiallarında ötən dövrdə ümumilikdə 770 nəfər benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə xidmətlərlə təmin edilib.


