AZ

"Azərbaycanla sülh müqaviləsinin mətnində Ermənistan üçün faciəli heç nə yoxdur" - Xudatyan

Azərbaycanla imzalanmış sülh müqaviləsinin paraflanmış mətnində Ermənistan üçün dəhşətli, faciəli və ya məşum heç nə yoxdur.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.

"Əvvəllər sülh müqaviləsinin mətni ilə bağlı müxtəlif məşum şərhlər səslənirdi, lakin bu yaxınlarda mətn dərc edildikdən sonra məlum oldu ki, orada Ermənistan üçün dəhşətli, faciəli və ya məşum heç nə yoxdur. Biz öyrəşmişik ki, imzalanmış sənədin icra edilməsi üçün yol xəritəsini təqdim edənə qədər bu sənədlə bağlı şərhlər veriləcək", - deyə Xudatyan brifinqdə qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla paraflanmış sazişdən öz ərazi bütövlüyünü və suverenliyini qoruyaraq açılmış yollara çıxış əldə edir ki, bu da respublikanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

"İndiki mərhələdə artıq kifayət qədər məlumat və şərhlər verilib, paraflanmış sazişin nəticələrinə əsasən, gələcək addımlarla bağlı əlavə edəcəyim heç nə yoxdur. Yaxın vaxtlarda iş proseslərinə başlanacaq. Əlavə məlumatların verilməsi vaxtı gələndə hökumət bunu mütləq edəcək", - deyə Xudatyan bildirib.

Nazir, həmçinin vurğulayıb ki, sülh müqaviləsinin paraflanması Ermənistanı çox böyük addımlarla sülhə yaxınlaşdırır və bu, Ermənistan Respublikasının hər bir vətəndaşı üçün gözlənilən, sevincli və mühüm hadisədir.

"Ermənistan və Azərbaycan kommunikasiyaların açılmasına dair razılaşmalar çərçivəsində işçi qrupları yaradacaqlar", - deyə Xudatyan əlavə edib.

"İş prosesləri işçi qruplarının yaradılmasını nəzərdə tutur, onlar əlavə məlumat verəcəklər", - deyə nazir bu layihənin reallaşacağı təqdirdə "Tramp marşrutu"na nəzarətin necə həyata keçiriləcəyi ilə bağlı sualı cavablandırıb.

Xudatyan nəzarət və gömrük prosedurlarından irəli gələn bütün texniki və maddi məsələlərlə yolun Ermənistanın yurisdiksiyasında olacağına əminliyini bildirib.

Seçilən
17
2
qaziler.az

3Mənbələr