Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, müdafiə naziri Zakir Həsənovun müşaviri, ordu generalı Bəxtiyar Ərsaya yeni vəzifə verilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Sərəncama əsasən, Bəxtiyar Ərsay Türkiyə Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. Bu, Türkiyənin əsas hərbi birləşmələrindən biridir və qərargahı İstanbulda yerləşir.
Bəxtiyar Ərsayın Türkiyədə ordu generalı təyin edilməsinin səbəbi dir? O, Azərbaycandan niyə getdi?
Globalinfo.az-a danışan türkiyəli hərbi ekspert Abdulla Ağar deyib ki, Türkiyə-Azərbaycanın qardaşlığı davam etdiyi müddətdə iki ölkənin silahlı qüvvələrinin birgə missiyası da davam edəcək:
“Xidmət şəxslərlə məhdud deyil, yəni bir sistem var və burada davamlılıq əsasdır. Başqa sözlə, yeni təyin olunan şəxs əvvəlkindən daha yüksək səviyyədə işləri davam etdirməyə çalışacaq. Təbii ki, Bəxtiyar paşanın göstərdiyi yüksək səviyyəli xidmət heç vaxt unudulmayacaq. Bilinən və bilinməyən tərəfləri ilə Bəxtiyar paşa həm Azərbaycan, həm də Türkiyə üçün böyük xidmətlər göstərdi və qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdi. Bütün bunları tarix yazacaq və bir gün hamı bu xidmətləri tam olaraq qiymətləndirəcək. Hər birimiz Bəxtiyar paşaya dərin minnətdarlıq duyur və onunla fəxr edirik”.
A.Ağar onu da bildirib ki, Bəxtiyar paşa uzun müddət çətin siyasi proseslərin içində xidmət göstərib:
“Türkiyə Cümhuriyyəti və ordusu Azərbaycan müstəqillik qazandığından bəri, Bəxtiyar paşa isə çox kritik bir dövrdə – Azərbaycanın varoluşsal imtahanından keçdiyi, Qarabağ müharibəsinin öncəsindən başlayaraq bu günə qədər bölgədə həm mənəvi, həm də fiziki varlığını təsdiq edən çox önəmli bir vəzifəni uğurla yerinə yetirib. İndi isə bu vəzifəni davam etdirəcək şəxsin də eyni səylə və məsuliyyətlə bu tapşırığın öhdəsindən gələcəyinə tam inamımız var.
Bəxtiyar paşa və Azərbaycana könül vermiş hər bir türk əsgəri harada olmasından asılı olmayaraq, Azərbaycanımıza, birliyimizə, qardaşlığımıza, ortaq gələcəyimizə və baxışımıza xidmət etməyə davam edəcək”.
Politoloq Zeynal Əmrəliyev isə deyib ki, Bəxtiyar paşanın son təyinatı Türkiyə ordusunun rəhbərliyinə yüksələcəyinin göstəricisidir:
“İstisna deyil ki, gələcəkdə baş qərargah rəisi olacaq. Quru Qoşunları komandanı Metin Gürak və baş qərargah rəisi Səlçuk Bayraktaroğlunun 64 yaşı var. Ordu generalları üçün təqaüd yaşı 65-dir, lakin xüsusi əmrlə bu yaş 7 ilədək artırıla bilər. Bu isə nadir hallarda tətbiq olunur. Ehtimal ki, gələn il Quru Qoşunları komandanı Gürak təqaüdə göndəriləcək, baş qərargah rəisi Bayraktaroğlunun müddəti isə 1 il daha uzadılacaq”.
Politoloq hesab edir ki, belə olan halda Birinci Ordu komandanı kimi Bəxtiyar paşa ən şanslı namizəddir:
“Digər namizəd – Egey Ordu komandanı, ordu generalı İrfan Özsərt 60 yaşındadır və təqaüd yaşına 5 il qalıb. Üstəlik, Egey Ordu komandanı nadir hallarda Quru Qoşunların komandanı olur, daha çox baş qərargah rəisinin müavini vəzifəsinə təyin edilir. Əgər Bəxtiyar Ərsay Quru Qoşunları komandanı təyin edilərsə, növbəti il Bayraktaroğlu təqaüdə göndəriləcək və Ərsay Türkiyənin yeni baş qərargah rəisi ola bilər. Bəxtiyar paşa hazırda 56 yaşındadır və təqaüd yaşına 9 il qalıb”.
Qeyd edək ki, avqustun 5-də Bəxtiyar Ərsaya ordu generalı rütbəsi verilib. O, bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi işə başlayıb. 2022-ci ildə isə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.