AZ

Qadın avtobus sürücüləri uğurlu layihə ola bilər...


Aslan Əsədov: “Bakı yollarında hərəkət edəcək marşrutlarda xanım sürücülərin olması sevindirici haldır”

Cəmiyyətdə zərif məxluqların, yəni xanımların peşə seçimi ilə bağlı qəribə məhdudiyyətlər var. Bir çoxları düşünür ki, xanımlar ya müəllim olmalıdır, ya da həkim. Bu fikirlər cəmiyyətin bəlkə də 80 faizi tərəfindən qəbul edilib.

Amma bu gün kifayət qədər yaradıcı peşələrdə, eləcə də polis, hərbçi, yanğınsöndürən və sair buna bənzər sahələrdə fəaliyyət göstərən və yüksək nailiyyətlər əldə edən qadınlarımız da var. Maraqlısı isə budur ki, sadəcə kişilərin öhdəsindən gələ biləcəyi düşünülən xüsusi peşələr var ki, bu gün qadınların həmin peşələrə yiyələnməsi cəmiyyətdə qəribə qarşılana bilir. Məsələn, bənna, maşın ustası, santexnik, ictimai nəqliyyat sürücüsü, pilot və s.

Bu günlərdə Azərbaycanda avtobuslarda qadın sürücülərin də fəaliyyət göstərəcəyinə dair elanlar verilib və müraciətlər qəbul olunur. Bu addım sərnişin-sürücü münasibətinə necə təsir edəcək?

“Sürücülük peşəsində cinsiyyət rol oynamır, həm qadın, həm də kişi bu peşənin sahibi ola bilər, ictimai nəqliyyatda qadınların sayının artması normaldır və müsbətdir”

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xanım sürücülərin ictimai nəqliyyatda sükan arxasına keçməsi yeni bir layihə deyil: "Tarixə nəzər salsaq görərik ki, dəmir yolu, tramvay və trolleybuslarda xanım sürücülər sükan arxasında olub. Bakı şəhərində yaşayanlar bunun şahidi olub. Bunun olması tamamilə normaldır. Yenidən Bakı yollarında hərəkət edəcək marşrutlarda xanım sürücülərin olması sevindirici haldır. Bu, sürücü-sərnişin münasibətlərində xeyli fərq edəcək. İstənilən sahədə qadın amili mühümdür. Belə olarsa insanlar daha yığcam, sayğılı olmağa çalışacaq. İnsanlar sürücünün qadın olduğunu görüb, qarşı tərəfə hörmətlə yanaşacaq. Hər hansı bir məsələ ilə bağlı konfliktlər yaşanmayacaq. Ümumiyyətlə, sürücülük peşəsində cinsiyyət rol oynamır, həm qadın, həm də kişi bu peşənin sahibi ola bilər. İctimai nəqliyyatda qadınların sayının artması normaldır və müsbətdir.

İctimai nəqliyyatda qadınların olması həm sürücülərə etibarı, güvəni artırar, həm də vətəndaşlar üçün ictimai nəqliyyatı daha cəlbedici edər".

Günel CƏLİLOVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr