AZ

Qlobal gözlər Tramp-Putin görüşündə: Alyaskada Ukraynasız sülh masası qurulur? - ŞƏRH

Sabah, yəni avqustun 15-də dünyanın diqqəti Alyaskaya yönələcək – ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında gözlənilən görüş nəhayət baş tutacaq.

Bu tarixi qarşılaşma, təkcə iki ölkə arasında münasibətlərin gələcəyi baxımından deyil, həm də Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəs perspektivləri kontekstində böyük əhəmiyyət daşıyır. Qlobal güc balansında yeni səhifə aça biləcək bu görüşdə sülh gündəliyinin müzakirə ediləcəyi ehtimal olunur. Trampın Putinə hansı güzəştlər və ya vədlərlə sülh masasına oturacağı, Ukraynanın taleyinə necə təsir edəcəyi isə dünyanın aparıcı siyasi dairələri tərəfindən maraqla izlənir.

Maraqlıdır görəsən, atəşkəs olması ehtimalı nə qədərdir? Tramp Putini hansı şərtlərlə atəşkəsə razı sala bilər? Turkustan.az olaraq bu suallarımızı politoloq Əli Zülfüqaroğluna ünvanladıq.

Xalq

Əli Zülfüqaroğlu

Tramp ilə Putin arasında görüşün reallaşması ABŞ və Rusiya arasında münasibətlərin inkişafına işarə etməklə yanaşı, Ukrayna məsələsi ilə bağlı müəyyən razılaşmaların əldə olunması ehtimalını da artırır. İki lider arasındakı bu görüş, Vaşinqton və Moskvanın münasibətləri irəli aparmaqda maraqlı olduqlarını göstərir və bu da onu deməyə əsas verir ki, ABŞ Ukrayna ilə bağlı Avropa İttifaqının sərgilədiyi sərt yanaşmanı tam şəkildə dəstəkləməyəcək. Yəni, Rusiya qarşı sanksiyalar və Ukraynanın hərbi dəstəklə təmin olunması məsələsində ABŞ, xüsusilə Britaniyanın sərgilədiyi siyasətdən fərqli mövqe nümayiş etdirəcək. Bu isə Zelenski üçün cəbhədə üstünlük əldə etmək baxımından çətinliklər yaradır. Çünki Avropa İttifaqı və Britaniyanın verdiyi hərbi dəstək Rusiya üzərində qələbə üçün yetərli olmaya bilər. Rusiya hərbi və iqtisadi baxımdan ciddi itkilərlə üzləşsə də, Bayden administrasiyasından sonra Trampın hakimiyyətə gəlməsi və fərqli bir kurs izləməsi Moskvanın mövqeyini gücləndirə bilər. Bu da onu göstərir ki, ABŞ Avropa İttifaqı ilə Rusiya-Ukrayna məsələsində tam uyğun siyasət yürütməyəcək. ABŞ və Aİ arasında yaranan fikir ayrılıqlarını nəzərə alsaq, Avropa İttifaqının Ukrayna vasitəsilə müharibənin davam etməsinə nail olmaq və bu yolla Rusiyada hakimiyyət dəyişikliyi yaratmaq istəyi suallar doğurur. Zelenskinin son açıqlamaları da göstərir ki, o, Avropa İttifaqı və Britaniyanın Ukraynanı müharibəyə təhrik etməsi fonunda bu strategiyanı tam şəkildə dəstəkləməyə bilər. Bu kontekstdə Zelenskinin mesajı həm də ondan ibarətdir ki, əgər Rusiya maksimalist mövqeyindən geri çəkilərsə, o zaman müəyyən atəşkəs şərtləri üzərində razılıq əldə oluna bilər. ABŞ və Rusiya arasında gedən gizli danışıqlardan və verilən bəyanatlardan belə nəticə çıxır ki, ABŞ, ərazi mübadiləsi adı altında Ukraynanı güzəştlərə məcbur etməyə çalışır. Bu mövqedən sonra həm Rusiya, həm Ukrayna, həm də Aİ və Britaniyanın verdiyi bir-birinə zidd açıqlamalar bu ehtimalı gücləndirir. Bu isə Ukrayna üçün olduqca ciddi nəticələrə yol aça bilər. Çünki ABŞ-nin Rusiya-Ukrayna münaqişəsində əsas vasitəçi mövqeyini nəzərə alsaq, Trampın Rusiyaya yaxınlaşma siyasəti Ukraynanın xeyrinə işləməyə bilər. Bu baxımdan, Zelenskinin gələcək siyasəti Putin-Tramp görüşünün nəticələrindən asılı olacaq. Ukraynanı qarşıda olduqca gərgin və qeyri-müəyyən bir mərhələ gözləyir və burada əsas söz sahibi ABŞ olacaq.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
1
turkustan.az

2Mənbələr